“ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Ukraynadakı müharibəni tez bir zamanda başa çatdırmaq istəyir, lakin Kiyev danışıqlar naminə təslim olmaq və hərbi əməliyyatları dondurmaq niyyətində deyil”.
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Le Parisien” nəşrinin oxucuları ilə söhbəti zamanı deyib.
“Tramp bilir ki, mən heç bir şəkildə tələskənlik etmək istəmirəm, çünki bu, Ukraynanın ziyanına ola bilər. Ölkə artıq uzun müddətdir öz suverenliyi uğrunda mübarizə aparır. Nə qədər prezident və ya baş nazir müharibənin bitdiyini elan etmək istəsə də, biz sadəcə olaraq təslim olmaq və öz müstəqilliyimizdən imtina etmək niyyətində deyilik”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, müharibənin dondurulması və Rusiya ilə tezliklə əldə edilən razılaşmalar təhlükəlidir.
Zelenski, həmçinin qeyd edib ki, Trampın hələlik müharibə ilə bağlı bütün lazımi məlumatlara, xüsusilə də kəşfiyyat məlumatlarına, Pentaqona və müəyyən diplomatik kanallara çıxışı yoxdur. “Nə vaxt ki, orda (Ağ Evdə) olar, o zaman biz eyni dildə, eyni məlumatlılıq səviyyəsində danışa bilərik”, – deyə o vurğulayıb.
Eyni zamanda, Zelenski ümid etdiyini bildirib ki, Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-də baş verən dəyişikliklər Ukraynaya fayda verəcək.
“Biz yeni administrasiya ilə əlaqələr quracağıq, bu bizim prioritetimiz olacaq. ABŞ bu müharibədə bizim aparıcı donorumuz olub və elə də qalır”, – deyə Ukrayna prezidenti əlavə edib.