Son günlərdə Nyu-York və Nyu-Cersi ştatlarının sakinləri qeyri-adi hadisənin şahidi olurlar – səmada naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə edilir. Bu dronların mənşəyi və məqsədi sirr olaraq qalır ki, bu da yerli əhali və hakimiyyət orqanlarında narahatlıq yaradır.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Pentaqonun mətbuat katibi, ABŞ-nin Hərbi Hava Qüvvələrinin (HHQ) generalı Patrik Rayder jurnalistlər üçün brifinqdə bu məsələyə toxunub.
Belə ki, ondan zarafatla soruşulub ki, dronlar görünərkən Rixard Ştrausun musiqisi altında monolitin peyda olması da müşahidə edilibmi? O, vəziyyəti şərh edərkən “Ulduz müharibələri” filmlərinin qəhrəmanı ceday Obi-Van Kenobidən sitat gətirib.
“Yəqin ki, çox müdrik peyğəmbər Obi-Van Kenobinin sözlərini xatırlamalı olacağam, o demişdi ki, bunlar sizin axtardığınız droidlər, dronlar deyil”, – deyən Rayderin cavabını jurnalistlər gülüşlə qarşılayıblar.
Cavabın zarafat tonuna baxmayaraq, naməlum pilotsuz təyyarələrlə bağlı vəziyyət sakinlər arasında ciddi narahatlıq doğurur. ABŞ administrasiyasının nümayəndələrinin, o cümlədən Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi və daxili təhlükəsizlik naziri Alexandro Mayorkasın bəyanatlarına görə, bu PUA-lar təhlükə yaratmır və çox güman ki, hər hansı xarici dövlətə məxsus deyil.
Bununla belə, Federal Təhqiqat Bürosu (FTB) dronların mənşəyinin hələ də müəyyən olunmadığını etiraf edir.