Beynəlxalq Kosmik Stansiyada ilişib qalan astronavtlar Butç Uilmor və Sunita Uilyams gələn ilin martından tez Yerə qayıtmayacaqlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat verib.
Bildirilib ki, dördnəfərlik heyətdən ibarət “Crew-10” gəmisi mart ayının sonundan tez BKS-yə yollanmayacaq. Astronavtlar Nik Heyq, Sunita Uilyams, Butç Uilmor və “Roskosmos”un kosmonavtı Aleksandr Qorbunovdan ibarət “Crew-9” missiyası bundan sonra Yerə qayıdacaq.
“Crew-10” missiyasının heyətinə “Roskosmos” kosmonavtı Kirill Peskov, NASA astronavtları Enn Makleyn və Nikol Ayers, Yaponiya Kosmik Agentliyinin taykonavtı Takuya Onişi daxildir.
Bundan əvvəl onların gələn ilin fevralında BKS-yə yollanması planlaşdırılırdı.
Xatırladaq ki, “Boeing Starliner” gəmisi “Boeing” korporasiyası tərəfindən iyunun 5-də orbitə buraxılıb – bu onun ilk pilot uçuşu olub. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olublar. İlkin olaraq onların BKS-də 8 gün qalması və iyunun 14-də qayıtması planlaşdırılırdı. Sonradan birləşmə zamanı bir neçə manevr mühərrikin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Nəticədə NASA astronavtları “Crew Dragon” gəmisi ilə Yerə qaytarmaq qərarına gəliblər. Bunun üçün sentyabrda BKS-yə yollanan “Crew-9” heyəti iki dəfə azaldılıb. İlkin olaraq stansiyaya dörd mütəxəssisin uçması planlaşdırılsa da, sonra ikiyə salınıb (kosmonavt Aleksandr Qorbunov və astronavt Nik Heyq). Yerə eniş zamanı iki boş yeri astronavtlar Sunita Uilyams və Butç Uilmor tutacaqlar.
Xatırladaq ki, bir müddət əvvəl Sunita Uilyams və Butç Uilmorun səhhətində problemlər yarandığı barədə xəbər vermişdik.