Bakının Xətai rayonunda yerləşən Süleyman Vəzirov küçəsində piyada zolağının yararsız vəziyyəti vətəndaşların haqlı narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu barədə tanınmış aparıcı İlkin Həsəni sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, 2024-cü ilin fevral ayında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) zolağının rənglənməsi üçün rəsmi müraciət etsə də, heç bir nəticəsi olmayıb.
Məsələ ilə bağlı AYNA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yol nişanlanma xətlərinin boyalarının silinməsi müxtəlif səbəblərdən baş verir.
“Boyaların rənginin solması yoldakı hərəkət intensivliyi və meteoroloji amillərin təsiri ilə əlaqədardır. Silinən nişanlanma xətlərinin yenilənməsi mərhələli qaydada həyata keçirilir. Sözügedən ərazidə də nişanlanma xətləri hava şəraiti nəzərə alınmaqla ən qısa zamanda yenilənəcək. Hərəkət iştirakçıları ərazidə mövcud olan yol nişanlarının tələblərinə mütləq qaydada riayət etməlidirlər”.
Əzizə İsmayılova