Rövşən Abdullaoğlu: “Mənə deyirdilər ki, Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq”

“Mənə deyirdilər ki, “Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq, uğursuz olacaqsan”.

Oxu.Az xəbər verir ki bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsinin qonağı olan “Bu şəhərdə kimsə yoxdur” kitabı ilə məşhurlaşan yazıçı-publisist Rövşən Abdullaoğlu deyib.

O, görüşdə məktəb illərindən, müəllimlərinin həyatında oynadığı roldan, yeniyetmə və gənclərin daha çox maariflənməyə ehtiyacı olduğu sahələrdən söz açıb.

Bütün dünyanı hədəflədiyimə görə…

“Mən yazıçı-publisist, eyni zamanda psixoloq-təlimçiyəm. Ölkəmizdə, regionda, həmçinin Avropada, Amerikada təlimlərim olub”, – deyə Rövşən Abdullaoğlu özü haqqında məlumat verib: “Fəaliyyətimə yazıçı kimi başlamışam. Müxtəlif janrlarda – publisistik, bədii əsərlər yazıram. İlk bədii əsərim 2016-cı ildə çap olunan “Bu şəhərdə kimsə yoxdur” kitabıdır. 30-a yaxın kitabım çap olunub. Əsərlərim müxtəlif dillərə tərcümə olunub və xarici ölkələrdə təqdimatı keçirilib. Əsərlərim əsasında filmlər çəkilib. Eyni zamanda, bəzi kitablarımı ekranlaşdırmaq təklifləri var. Çalışıram ki, filmlərin ssenaristi də özüm olum. Onlarla danışanda ilk şərtim bu olur ki, mənim yazdığımı özüm kimi heç kim hiss edə bilməz. Bütün bunlar Azərbaycanın və ədəbiyyatının tanıdılması üçündür. Bu, bizdən sonra gələnlər üçün bir cığır olsun”. Qonaq ədəbiyyata gəldiyi ilk vaxtlardan söhbət açəb: “2010-cu ildə kitab sahəsinə gələndə ədəbiyyat aləmində özgüvənsizlik vardı.

Mənə deyirdilər ki, “Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq, uğursuz olacaqsan”. Onda hələ xarici ədəbiyyata böyük bir maraq vardı. Mən bu sahədə bir özgüvən yaratmaq haqqında fikirləşdim. “Bu sahədə uğursuz olsam, digər sahələrdə də uğursuz olacağam”, – deyə düşündüm. Çünki yaxşı müəllimin, peşəkar işçinin işi kitabdan keçir. Yaxşı oxucu peşəkar olur. Bədii ədəbiyyat, xüsusən psixoloji kitablar adama təsəvvür edə bilmədiyiniz uğurlar gətirə bilər. İlk kitabımı yazanda heç vaxt düşünmədim ki, bunu məhəllə uşağı və ya anam üçün yazıram. Düşündüm, elə bir kitab yazıram ki, bunu bütün dünya oxuyacaq. Bütün dünyanı hədəflədiyimə görə xaricə çıxa bildim. Mən səyahət etməyi də xoşlayıram. Fərqli yerlərə səyahəti sevirəm. Afrikada, Antarktidada, Latın Amerikasında olmuşam. Bu səyahətlər kitablarıma təsir edir”.

İnsanın özünə güvənməsi…

Şagirdlərdən biri “Məktəbdə qonaq olarkən “kaş ki məktəbli olaydım!” fikirləri ürəyinizdən keçdimi?” – deyə qonağa sual ünvanladı. “Düzünü desəm, yox! Çünki “kaş”larla yaşayanda keçmişdən qopmaq olmur”, – deyə yazıçı cavab verib: “Keçmişlə yaşayan insan deyiləm. Mən keçmişə yalnız səhvlərimdən nəticə çıxarmaq üçün baxıram. Mən “Arxadakı körpüləri yandırın” kitabını yazan insanam. Nə qədər keçmişdən asılı qalırıqsa, bir o qədər həyatımız uğursuz olur. Mən irəli baxmağı xoşlayıram”.

“Sizcə, gənclər ən çox hansı sahədə problemlə üzləşirlər”, – deyə səslənən növbəti suala R.Abdullaoğlu maraqlı cavab verib. Onun fikrincə, gənclərin əsas problemləri psixologiya sahəsindədir: “Bizim gənclərin ən böyük problemi təhsillə, pedaqoji heyətin yetərsizliyi ilə də bağlı deyil. Ən böyük problemimiz daxili baryerlərimizdir. Gənclərin kütlə qarşısına çıxacaq potensialı olsa da, bunu edə bilmirlər. Çox istedadlı uşaqlar görürəm, amma onlarda öz fikirlərini ifadə edə bilmək qorxusu var. Siz öz potensialınızı qorxularınıza görə bloklayırsınız. Məncə, həyatda ən uğursuz insan psixoloji problemləri ilə bacara bilməyənlərdir. Bacarığı, istedadı var, amma özündəki baryeri aşa bilmir. Müstəqil düşünmək cürət istəyir. Bizdə o cürət çatışmır. Mən başqa müəssisələrdə də oluram. Biz xaricilər qarşısında özümüzü bloklayırıq. “Oradan gələn daha yaxşı kadr olacaq. Filan layihəni o bizdən daha yaxşı edər”, – deyə düşünürük.

Amma özümüzdə daha yaxşı, daha potensiallı adamlar var. Özümüzə qarşı kəskin tənqidçiyik. Özümüzü bəyənməməyimiz daxili kompleksimizdən xəbər verir. İnsanın özünə güvənməsi, “biz bacaracağıq” deməsi bütün sahələrdə uğur qazanmağa və inkişafa yol açır”.

İki müharibə bir romanda

“Qarabağ zəfəri haqqında kitab yazmağı düşünürsünüz?” – deyə auditoriyadan sual səslənib. Qonaq artıq bu haqda roman yazdığını bildirib: “Atam Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hərbçi ailəsində böyümüşəm. Əmim də Birinci Qarabağ müharibəsinin qazisidir. Hər gün “atamın şəhidlik xəbəri gələcək” qorxusunu yaşamışam. Ona görə bu mövzuda yazmaya bilməzdim. “Koramal” romanımda birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarını bir kitabda birləşdirdim”.

Müasir cəmiyyətin stress faktoru və sosial şəbəkələr

“Sosial şəbəkələrin uşaqların həyatında rolunu necə dəyərləndirirsiniz?” sualına R.Abdullaoğlu belə cavab verib: “Sosial platformaların həm mənfi, həm də müsbət tərəfləri var. Müasir cəmiyyətin stress faktoru və depressiyasının ən böyük səbəbi sosial şəbəkələrdir. Sosial şəbəkələrə gündə 1-2 saat baxandan sonra öz həyatında qəmgin olursan.

Düşünürsən ki, səndən başqa hamı xoşbəxtdir. Çünki sosial şəbəkədə insanlar yalnız həyatlarının gözəl məqamlarını paylaşırlar. Sən hiss edirsən ki, bu rəqabətə tab gətirəcək parametrlərin yoxdur və sənin üçün gözəllik kriteriyası dəyişir. Sosial araşdırmalara görə, boşanmaların, depressiyanın, intiharlarların səbəblərindən biri də sosial şəbəkələrdir. Ona görə sosial şəbəkələrdən istifadəni bir az məhdudlaşdırmaq lazımdır”.

Bir kitab nə edə bilər?

“Bir kitab insanın həyatında hansı rolu oynaya bilər?” sualını cavablandıran yazıçı mütaliənin üstünlüklərindən danışıb: “Bir kitab bəzən təkcə bir xalqın həyatını yox, dünyanı dəyişdirə bilər. Sizə düzgün kitablar oxumağı tövsiyə edirəm. Yalnız dərs kitabları ilə kifayətlənməyin, bədii ədəbiyyat da oxuyun. Mənim həyatımı dəyişən kitablar sizin də həyatınızı dəyişə bilər. Həyatımda hansı uğurlar varsa, kitablara borcluyam. Siz həyatın başlanğıcındasınız. Əgər hədəfiniz olsa, məhəllənizdə, şəhərinizdə, ölkənizdə, xaricdə və ya dünyada uğur qazana biləcəksiniz. Həyatımda qoyduğum hədəf dönüş nöqtəsi olub. Ondan sonra növbəti addımları təbii olaraq atmağa başlayırsan. Hədəf qeyri-adi olanda o, insanı yaşadır”.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More