Şuşa sakini: “Biz Cıdır düzündə gözləyəndə xəbər gəldi ki, vertolyotu Kərkicahan üzərində vurublar”

“Artıq dörd ildir ki, işğaldan azad olunan ərazilərimizdə çalışıram və bundan qürur duyuram”.

Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Cəmilə Məmmədova deyib.

O bildirib ki, bu gün sevincli olmaqla yanaşı, həm də kədərlidir:

“Bakıda Xəzər rayonu Şüvəlan qəsəbəsidə yerləşən “Qaranquş” sanaroriyasında köçkünlük həyatı sürmüşük. Bu gün çox sevinirik ki, öz doğma yurdumuza qayıdırıq, özü də həmişəlik. Bu gün həm də qəhərliyəm, kədərliyəm. Çünki neçə-neçə doğmamız, yaxınlarımız Şuşa deyərək bu dünyadan köçdülər, torpaqlarımız işğal olunanda əzizlərimizi itirdik.

Şuşadan çıxdığımız günü xatırlayıram. Cıdır düzündə vertolyot gözləyirdik ki, gəlib bizi o güllə yağışının altından çıxartsın. Elə o vaxt xəbər gəldi ki, Kərkicahanda bizim vertolyotun biri vuruldu. O hadisədə mənim üç ən yaxınım şəhid oldu.

Çox şükür ki, o günlər keçmişdə qaldı. Artıq dörd ildir azad olunan torpaqlarımızda quruculuq işləri ilə məşğuluq. Mən özüm də işğaldan azad olunan ərazilərimizdə çalışıram.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin!”

Xatırladaq ki, bu gün növbəti köç karvanı Şuşa şəhərinə yola salınır. Bu mərhələdə daha 51 ailə (208 nəfər) öz doğma yurduna köçürülür.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

Rövşən Əsədov

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More