Məşhur türkiyəli zəlzələ üzrə mütəxəssis Naci Görür Mərmərə bölgəsi üçün həyəcan təbili çalıb.
Oxu.Az-ın “Haber Global”a istinadən xəbərinə görə, mütəxəssis bu barədə sosial media hesabında etdiyi paylaşımda məlumat verib.
O, İstanbulda zəlzələ gözlədiyini bir daha ifadə edib və bu dəfə baş verəcəyi bölgənin adını çəkib.
Naci Görür Marmaraereğlisi-Tekirdağ sahillərində yaranan 3.5 bal gücündə zəlzələdən sonra növbəti silkələnmənin olacağı yeri dəqiqliklə göstərib.
“Mərmərə dənizində gücü 4-dən kiçik zəlzələləri nəzərdən keçirmirik”, – deyə o bildirib.
“Sonuncu zəlzələ Mərmərə Ereğlisi sahillərində baş verdi. Bu bölgənin şərqindəki Kumburqaz qırılma xəttində zəlzələ gözləyirik.
Bölgənin qərbindəki Tekirdağ qırılma xətti parçalanıb, lakin bu ərazidə zəlzələlər əsasən qaz çıxması səbəbi ilə çöküntülərdə yaranan deformasiyalar nəticəsində ortaya çıxır.
Qapalı qırılma xətlərində belə bu böyüklükdə zəlzələlər normaldır. Nəticədə qırılma xəttində gərginlik yığılır və bu zaman da kiçik zəlzələlər yaranır”, – deyə Naci Görür qeyd edib.