HƏMAS girovları buraxacaqmı? – İsrail siyahı gözləyir

İsrail girovların azad edilməsinə dair mümkün razılaşma üzrə danışıqlarda irəliləyiş əldə edilməsi üçün Fələstinin HƏMAS qruplaşmasından Qəzza zolağında saxlanılan və həyatda olan girovların siyahısını gözləyir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Jerusalem Post” qəzeti İsrail təhlükəsizlik sahəsindəki mənbəyə istinadən məlumat verib.

Mənbə bildirib ki, danışıqlar zamanı müəyyən irəliləyiş əldə olunub, bununla belə razılıq əldə edilməsi yolunda ciddi çətinliklər mövcuddur. Onun sözlərinə görə, İsrail hələ də HƏMAS-dan müzakirə olunan razılaşma çərçivəsində radikalların azad etməyi planlaşdırdıqları canlı girovların siyahısını gözləyir. Mənbə əlavə edib ki, bu siyahı olmadan danışıqlarda irəliləyiş əldə etmək son dərəcə çətin olacaq. Tərəflərin nümayəndə heyətləri Qətərdə mümkün sazişin detallarını müzakirə etməyə davam edirlər.

Qeyd edək ki, İsrail və HƏMAS arasında potensial razılaşmanın birinci mərhələsində Qəzzada saxlanılan uşaqlar, qadın hərbçilər, qocalar və xəstələrdən ibarət girovların buraxılması müqabilində 250 fələstinli məhbusun İsrail həbsxanalarından azad ediləcəyi gözlənilir. Bəzi məlumatlara görə, İsrail birinci mərhələdə 34 girovun, o cümlədən HƏMAS-ın əsgər hesab etdiyi 11 nəfərin azad olunmasını tələb edib.

Xatırladaq ki, keçən həftə İsrailin “Ynet” portalının yüksəkvəzifəli məmura istinadən verdiyi xəbərə görə, mümkün sövdələşmənin təfərrüatının çoxu artıq razılaşdırılıb, lakin əsas mübahisə ilkin mərhələdə azad ediləcək girovların sayı ilə bağlı olub. Məmur əlavə edib ki, danışıqlar hazırda girovların sayı və şəxsiyyəti üzərində cəmlənib.

Bildirək ki, son bir ildə HƏMAS-ın saxladığı məhbuslarının azad edilməsi üçün aparılan danışıqların bir neçə raundu dalana dirənib. Tərəflər 2023-cü ilin noyabrın sonunda əldə edilmiş və birhəftəlik atəşkəs nəticəsində 105 girovun azad edilməsi ilə nəticələnən sazişin davam etdirilməsinə nail ola bilməyiblər. İsrail hesab edir ki, 2023-cü ilin oktyabrın 7-də oğurlanmış 251 girovdan 96-sı hələ də Qəzzadadır. İsrailli hərbçilər son 14 ayda səkkiz girovu xilas ediblər, 38 nəfərin isə cəsədini geri qaytarıblar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More