Azərbaycan Din Xadimlərinin Forumunda “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panel müzakirə keçirilib.
Oxu.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova çıxış ediblər.
Sessiya zamanı diqqətə çatdırılıb ki, ilk növbədə ailənin maarifləndirilməsi, digər istiqamət olaraq, gənclərin maarifləndirilməsi və gənclər arasında dini tədqiqatların aparılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, əsrlərdir, din çox təsirli, böyük gücə malik olan alətdir. Dini tərbiyənin düzgün aparılması gələcəyimiz üçün vacibdir.
Vurğulanıb ki, milli-mənəvi dəyərlərin qorunması istiqamətində vətəndaş cəmiyyətinin rolu böyükdür. Azərbaycan insan hüquqlarının tam bərqərar olduğu ölkələrdən biridir.
Nəzərə çatdırılıb ki, siyasi təsir altında olan qüvvələrin ələ keçirmək istədiyi sahələr QHT-lər və dini kəsimlərdir. Çünki vətəndaş cəmiyyətinə bu istiqamətlərdə təzyiq etmək daha rahatdır.
Bildirilib ki, Azərbaycanda qadınlar vətəndaş cəmiyyətində çox aktiv təmsil olunurlar. Məsələn, 3 750 QHT-nin 471-nin sədri məhz qadındır.
Məhərrəm Əliyev