Ermənistan baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsində etdiyi paylaşıma görə kəskin tənqidə məruz qalıb.
Bu barədə Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Paşinyan paylaşımında qeyd edib ki, Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi barədə məlumatı 2018-ci ildə xalqdan gizlədib və bununla böyük səhvə yol verib.
“1994-cü ildən, yəni atəşkəsdən sonra, onun başladığı andan Qarabağın Azərbaycana qaytarılması ilə bağlı danışıqlar prosesi gedirdi”, – deyə o bildirib.
Həmçinin qeyd edib ki, danışıqlar prosesinin başqa məzmunu olmayıb.
“Ermənistanda danışıqlar prosesinin digər məzmunu ilə bağlı diskussiyalar sırf daxili siyasi problemlərin həlli üçün irəli sürülüb.
Bu kontekstdə mən çox böyük səhv etdim. 2018-ci ildə danışıqların məzmunu ilə tanış olduqdan sonra yuxarıda qeyd edilənlərlə bağlı xalqa açıqlama vermədim”, – deyə Paşinyan yazıb.
Nikol Paşinyanın paylaşımının altında artıq 800-ə yaxın şərh yazılıb ki, onların əksəriyyətində sərt tənqid, təhqir və nalayiq ifadələr işlədilib.