Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda batıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İspaniyanın “Espanol” nəşri məlumat verib.
“Rusiyaya məxsus “Ursa Major” ticarət gəmisi Aqilas (Mursiya əyaləti) və Oran (Əlcəzair) şəhərləri arasında beynəlxalq sularda batıb”, – deyə məlumatda bildirilib.
Məlumata görə, gəminin batmasından əvvəl mühərrik bölməsində partlayış baş verib.
Gəminin 14 nəfər ekipaj üzvü xilas edilib və Kartaxena limanına aparılıb, iki nəfər isə itkin düşüb.
Xilasetmə işlərində eyni bölgədə fəaliyyət göstərən bir neçə gəmi iştirak edib, daha sonra isə “Klara Kampoamor” gəmisi və “Serviola” Hərbi Dəniz Qüvvələrinin patrul kateri dəniz xilasetmə xidmətinin mütəxəssislərinə qoşulub.
Rusiya bayrağı altında üzən gəmi 12 gün əvvəl Sankt-Peterburqdan yola çıxıb və yanvarın 22-də çatmalı olduğu Vladivostok limanına doğru gedirmiş.