Bakının Əmircan kəndində yeni il ərəfəsində qeyri-adi hadisə baş verib.
Belə ki, işıqforun elektrik xəttinə bağlanan yeni il bəzəkləri sakinlərin diqqətini çəkib.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə videogörüntü paylaşılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat katibi Ömər Xıdırov Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
“Suraxanı rayonu, İlqar Məmmədov küçəsi ilə Səttar Bəhlulzadə küçələrinin kəsişməsində naməlum şəxs və ya şəxslər Yeni il işıq çilçırağını işıqforun elektrik xəttinə qoşublar. Müraciət daxil olduqdan sonra NİİM tərəfindən, ötən gün, işıq çilçırağı xətdən ayrılıb və təhlükəsizlik təmin olunub”, – deyə Ö.Xıdırov bildirib.
Kənd sakinlərinin Oxu.Az-a verdikləri məlumata görə, işıqforun elektrik xəttinə bağlanan yeni il bəzəklərinin ayrılması prosesini Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları həyata keçiriblər.
Əzizə İsmayılova