NASA-nın keçmiş astronavtı Leroy Çiao uçuş zamanı başına gələn qəribə və maraqlı hadisədən danışıb.
Onun sözlərinə görə, az qala sirli “metal kürələrlə” toqquşacaqmış.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “New York Post” nəşri məlumat verib.
Çiao bildirib ki, uçan naməlum obyektlə (UNO) gözlənilməz qarşılaşma 2023-cü ilin avqustunda Texas ştatı üzərində baş verib. O, iki kilometr yarım hündürlükdə olduğu zaman qəribə obyektlər görüb.
“Birdən, gözlənilmədən diametri təxminən bir metr olan bu iki böyük metal kürə peyda oldu. Onlar mənim təyyarəmin sol tərəfindən, düz altından, təxminən altı metr məsafədən keçdilər”, – deyə astronavt qeyd edib.
Leroy Çiao iddia edib ki, kürələr onun görmə sahəsində təxminən bir saniyə qalmış olsalar da, UNO-nu yaxşı nəzərdən keçirməyə imkan tapa bilib. Həmçinin bildirib ki, obyektlər onun təyyarəsinin radarında görünməyib və yaxınlıqdakı hava limanının dispetçeri də onlar haqqında hər hansı məlumat verməyib.
“Mən bilmirəm bu nə idi. Mənim ilk təxminim hansısa hərbi proqram, hansısa pilotsuz təyyarə, amma bunu dəqiq söyləmək çətindir”, – deyə astronavt təəssüratını bölüşüb.