Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Qazaxıstanın Aktau şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması faktı ilə bağlı başlanmış cinayət işi üzrə obyektiv həqiqətin müəyyən olunması istiqamətində təxirəsalınmaz və zəruri tədbirlər davam etdirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Baş Prokurorluğun bir qrup əməkdaşı Qroznı şəhərinə ezam olunaraq Rusiya Federasiyasının Baş Prokurorluğu ilə razılaşmaya əsasən, həmin qurumdan olan həmkarları ilə birgə istintaq və digər prosessual hərəkətlər aparır.
Xatırladaq ki, dekabrın 25-də baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Aktauya ezam olunmuş prokurorluq əməkdaşlarından ibarət daha bir qrup hazırda qəzanın baş verdiyi yerdə Qazaxıstandan olan həmkarları ilə birgə zəruri tədbirlərin icrasını davam etdirir.
Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.