Nyu-Yorkda (ABŞ) rapid və blits üzrə dünya çempionatı keçirilir.
Oxu.Az xəbər verir ki, 15 şahmatçı ilə təmsil olunan millimizdən ən yaxşı göstəriciyə iki qrosmeysterimiz imza atıb.
Kişilərin turnirinə Şəhriyar Məmmədyarov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Manafov, Maqomed Muradlı, Aydın Süleymanlı, Vüqar Rəsulov, Riad Səmədov mübarizə aparırlar.
Hazırda aktivində 4.5 xalı olan Şəhriyar Məmmədyarov 8-ci yerdədir. Vasif Durarbəylinin 4 xalı (32-ci yer), Maqomed Muradlının (66-cı yer) və Aydın Süleymanlının (76-cı yer) hərəyə 3.5 xalı var.
Qadınların yarışında ölkəni Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Türkan Məmmədyarova, Gövhər Beydullayeva və Zeynəb Məmmədyarova təmsil edirlər.
Günay Məmmədzadənin 4 xalı (4-cü yer), Gülnar Məmmədovanın 3.5 xalı (19-cu yer), Xanım Balacayevanın isə 3 xalı (27-ci yer) var.
Dekabrın 26-28-də şahmatçılar rapid, 30-31 dekabrda isə blits növü üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 1 428 500 dollardır.