Xətai rayonunda ağacların kəsilməsi ilə bağlı ŞİKAYƏTƏ CAVAB

“Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25-27 ünvanında çox sayda ağacın olduğu parkın yerinə çoxmərtəbəli binaların tikilməsindən söhbət gedə bilməz”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Xətai Rayon İcra Hakimiyyətindən bildirilib.

Qeyd olunub ki, sözügedən ərazidə hər hansı tikinti işi aparılmır:

“Ərazidə yanğın hadisəsi 3 il bundan əvvəl yay vaxtı baş verib. Yayda isə belə hadisələr gözləniləndir. İcra başçısının tapşırığına əsasən yay mövsümü başlayanda ərazidəki quru otlar və s. təmizlənir ki, yanğın baş verməsin.

Ağaclar hər hansı bina inşası məqsədilə yandırılmır. Ərazi tam şəkildə nəzarətimizdədir. Bununla bağlı əməkdaşlarımız davamlı olaraq ora baxış keçirirlər”, – deyə cavabda qeyd olunub.

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 25-27 ünvanının sakinləri çox sayda ağacın olduğu parkın yerinə çoxmərtəbəli binaların tikilməsindən şikayətçidir.

Oxu.Az-a şikayət ünvanlayan sakinlərin sözlərinə görə, sovet dövründən qalmış bu parkın özünəməxsus flora və faunası, nəhəng ağacları var.

“500 ağacın kəsilməsi və yanmasını istəmirik. Bu ünvanda olan çox sayda ağacın olduğu park çoxmərtəbəli binaların tikintisinə verilib. Üç il əvvələ qədər burada bağlar var idi. Sakinlər güllər əkirdilər. Lakin tikinti şirkəti yaşıllığı məhv edib, suyu kəsib. Yay olanda bu ağaclar qızmar günəş altında yanır, yavaş-yavaş ölür. Həmçinin ərazidə 5 dəfə yanğın olub, nəticədə onlarla ağac yanıb. Bu park sovet dövründə istirahət və oyun meydançası kimi nəzərdə tutulub. Həyətimizdəki uşaqlar meydançadan məhrumdurlar, həyətdə uşaq bağçası tikilib, uşaqlar dayanmış maşınların arasında oynayırlar”, – sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Aygün Mirakif



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More