Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı 2022-ci ildə Litva prezidentinin ölkəmizə, 2023-cü ildə isə özünün Litvaya rəsmi səfərlərini, ötən ilin sonunda Gitanas Nauseda ilə telefon danışığını, həmçinin bundan əvvəlki dövrlərdə Litvanın dövlət başçıları ilə təmaslarını məmnunluqla xatırladı, bunların ikitərəfli münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edib.
Səfirə Azərbaycanda fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, onun səfirliyi dövründə əlaqələrimiz daha da genişlənəcək, əməkdaşlığımızın möhkəmlənməsi üçün yeni imkanlar müəyyənləşdiriləcək.
Xoş sözlərə görə minnətdarlığını bildirən Kestutis Vaşkeleviçus Litva Respublikasının Prezidenti Gitanas Nausedanın səmimi salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Gitanas Nausedaya çatdırmağı xahiş edib.
Səfir qeyd edib ki, Litva prezidenti onunla söhbəti zamanı Azərbaycanın oynadığı rolun önəmini vurğulayıb, ölkəmizlə əlaqələrin daha da möhkəmlənməsi istəyində olduğunu deyib, eyni zamanda, təyyarə qəzası ilə bağlı başsağlığını ifadə edib. Kestutis Vaşkeleviçus vurğulayıb ki, Azərbaycan bu qəza zamanı xeyli sayda insanın həyatını xilas edən övladları ilə haqlı olaraq fəxr etməyə layiqdir.
Əlaqələrimizin tarixində ölkələrimizin və xalqlarımızın bir-birinin müstəqilliyini, azadlığını dəstəkləməsinin əhəmiyyətini qeyd edən səfir bunun rəmzi məna daşıdığını deyib. O, Azərbaycanın və Litvanın XX əsrin sonlarında müstəqil olmasından sonra ikitərəfli münasibətlərimizdə böyük inkişafa nail olunduğunu vurğulayıb. Səfir qeyd edib ki, Litva Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsinə dəstək verməyə hər zaman hazırdır.
O, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdiklərini deyib, Litvanın Cənubi Qafqazda davamlı sülhü və inkişafı dəstəklədiyini vurğulayıb.
Bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd edildiyini deyən Kestutis Vaşkeleviçus səfirlik fəaliyyəti dövründə münasibətlərimizin tarixində nümayiş etdirilmiş dostluq və həmrəylik ruhunda çalışacağını bildirib.
Söhbət zamanı iqtisadiyyat, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində əməkdaşlıq məsələləri də müzakirə edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da Litva Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kestutis Vaşkeleviçusun etimadnaməsini qəbul edib.
Oxu.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər verir.