Danimarka hökuməti Arktik ərazilər üzrə ABŞ-nin yeni administrasiyası ilə dialoqa hazır olduğunu təsdiqləyib.
Oxu.Az-ın “Reuters”ə istinadla verdiyi məlumata görə, bunu Danimarka Xarici İşlər naziri Lars Lökke Rasmussen Yerusəlimdə keçirilən mətbuat konfransında bildirib.
“Amerikalıların Arktikadakı təhlükəsizlik vəziyyəti ilə bağlı müəyyən narahatlıqları var və Danimarka tərəfi də bu narahatlığı bölüşür. Buna görə də (Danimarka) Qrenlandiya ilə sıx əməkdaşlıq şəraitində Vaşinqton tərəfinin qanuni maraqlarının təmin edilməsi məqsədilə ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqları davam etdirməyə hazırdır”, – deyə krallığın XİN başçısı bəyan edib.
Xatırladaq ki, yanvarın 7-də Tramp bəyan edib ki, Çin və Rusiya təhdidlərindən qorunmaq üçün Qrenlandiya ABŞ-nin tərkibinə daxil olmalıdır. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində o, ABŞ-nin Danimarkanın tərkibində və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyanı ala biləcəyini söyləmişdi.