“Moskva Bakı ilə münasibətlərin inkişafını yüksək qiymətləndirir”.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN rəhbəri Sergey Lavrov 2024-cü ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Rusiya-Azərbaycan münasibətlərinə gəlincə, mən bunu çox yüksək qiymətləndirirəm. Onlar etimada əsaslanır; Prezidentlər müntəzəm ünsiyyətdədirlər, heç bir qapalı mövzu yoxdur. Prezident Vladimir Putin və Prezident İlham Əliyev hökumətləri qarşılıqlı faydalı yeni layihələrin axtarışına həvəsləndirmək üzrə iş qurublar”, – deyə xarici işlər naziri qeyd edib.
O əlavə edib ki, Rusiya və Azərbaycan istənilən, o cümlədən Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) şirkətinin təyyarəsinin qəzaya uğraması ilə bağlı məsələləri həll edə bilər.
“Bizim elə strukturlaşdırılmış münasibətlərimiz var ki, hadisələr baş verəndə – İkinci Qarabağ müharibəsi zamanı səhvən bizim helikopterimizin vurulması, ya indi Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması kimi insidentlər olanda bütün faktları araşdırmaq əsasında istənilən məsələni operativ həll etməyə imkan verir”, – deyə XİN rəhbəri qeyd edib.