Ötən həftə Tayvanın təxminən 140 min sakini qripə görə xəstəxanalara müraciət edib. Bu, son 10 ildə eyni dövr üçün rekord göstəricidir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə adanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) xəbər verib.
“Ötən həftə qripəbənzər xəstəliklərə görə xəstəxanalara müraciətlərin sayı 139 613-ə çatıb ki, bu da 10 il ərzində eyni dövr üçün ən yüksək göstəricidir. Eyni zamanda, xəstəliyin 49 ciddi halı və qripdən 10 ölüm qeydə alınıb”, – deyə məlumatda bildirilir.
Donuz qripi kimi tanınan H1N1 adada dominant ştam olaraq qalır. Tayvanda cari qrip mövsümü 1 oktyabr 2024-cü ildə başlayıb, o vaxtdan bəri 461 ciddi ağırlaşma halı və 101 ölüm qeydə alınıb. Həkimlər sakinləri mümkün qədər tez qripə qarşı peyvənd olmağa çağırır.
Tayvan həkimləri epidemiyanın bu il yanvarın 29-na təsadüf edən Çin Ay təqvimi üzrə Yeni il ərəfəsində pik həddə çatacağını gözləyirlər. CDC-nin proqnozlarına görə, bayram həftəsi ərzində ən azı 150 min nəfər qripə yoluxa bilər.