Ramana qəsəbəsində çirkab suları həyatı iflic edib – ŞİKAYƏT

Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayış evlərinin həyətləri və zirzəmiləri çirkab suları ilə dolub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, uzun zamandır qəsəbənin Mehdi Hüseynzadə küçəsində yaşayan sakinlər acınacaqlı vəziyyətlə üz-üzə qalıblar:

“Evlərimizin zirzəmiləri, həyətlərimiz, küçəmiz acınacaqlı vəziyyətdədir. Nə maşınla gediləsidir, nə ayaqla. Uşaqların, yaşlıların hərəkəti, demək olar ki, mümkünsüzdür bu küçədə. Nə taksi çağırmaq olur, nə təcili tibbi yardım. Dəfələrlə bütün aidiyyəti qurumlara müraciət edilib, xəbərləri var.

Problem ondan qaynaqlanır ki, yaxınlıqda binalar tikiblər, amma mərkəzləşmiş kanalizasiya sistemi qurmayıblar. O binalardan bütün çirkab suları da axıb gəlir biz tərəfə. Nə baxan var, nə də tədbir görən”, – deyə şikayətdə yazılır.

Şikayətdə o da qeyd olunur ki, həmin binalar tərəfdən bu əraziyə kanal çəkilib:

“O kanalı qazıblar, amma kənarlarını kipləşdirilməyiblər. Ona görə də yığılan suyu saxlaya bilmir və belə bir vəziyyət yaranır. Üstəlik hava da yağıntılı olanda buradakı insanların vəziyyətini izah etməyə söz tapmaq olmur. Bu boyda qəsəbə var, amma vahid kanalizasiya sistemi yoxdur. Həyət evlərində yaşayanlar kanalizasiya quyusundan istifadə etsələr də, heç vaxt belə mənzərə yaranmırdı”, – deyə şikayətdə vurğulanıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramanada, Şuşa şəhərciyində vətəndaşların həyətinə su yığılmasının qurumla heç bir əlaqəsi yoxdur.

Sabunçu Rayon İcra Hakimiyyətindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ramana qəsəbəsinin M.Hüseynzadə küçəsində yerləşən fərdi yaşayış evləri kənd təsərrüfatı təyinatlı torpaq sahələrində inşa edilmiş sənədsiz tikililərdir.

“Rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla, digər qəsəbələrində, o cümlədən Ramanada mərkəzləşmiş kanalizasiya şəbəkəsi olmadığından məişət, yağış və qrunt sularının hər hansı bir istiqamətə axıdılaraq kənarlaşdırılmasında böyük çətinliklər yaranır.

Qeyd edək ki, mərkəzləşmiş kanalizasiya şəbəkəsinin qurulması aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Dövlət Proqramları çərçivəsində icra olunur”, – deyə açıqlamada vurğulanır.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More