ABŞ administrasiyasının rəhbəri Co Bayden öz səlahiyyət müddətinin başa çatmasına qədər Donald Trampın qəzəbinə tuş gələ biləcək şəxsləri qabaqlayıcı şəkildə əfv edə bilər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Ağ Ev əməkdaşlarının çoxunun yanvarın 20-də keçiriləcək Trampın inaqurasiyası öncəsi əşyalarını toplamasına baxmayaraq, Baydenin həmin tarixədək bir neçə fərman imzalayacağı gözlənilir. Xüsusilə, demokrat gender ayrı-seçkiliyinə qarşı mübarizə məqsədilə tədbirlər görməyi planlaşdırır.
Müəllifin fikrincə, Baydenin prezidentlik müddətinin sonundakı bu aktivliyi onun Trampı ABŞ ənənələrinə təhlükə hesab etdiyini göstərir.
2024-cü il dekabrın əvvəlində Tramp “NBC News” telekanalına müsahibəsində rəqiblərindən qisas almayacağını bildirib, onun fikrincə, ən yaxşı qisas ABŞ-nin uğuru olacaq.
Xatırladaq ki, Tramp 2024-cü il noyabrın 5-də keçirilən prezident seçkisində demokratların namizədi, ABŞ-nin vitse-prezidenti Kamala Harrisi məğlub edib. Onun inaqurasiya mərasimi yanvarın 20-nə planlaşdırılıb.