ABŞ-nin Bakıdakı səfiri Mark Libbi vidalaşdı: “Ən unudulmaz təəssüratı Azərbaycan xalqı bəxş etdi”

“ABŞ-ni Azərbaycanda təmsil etmək böyük şərəf və imtiyazdır”.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Bakıdakı səfiri Mark Libbinin vida məktubunda bildirilir.

Vəzifəsindən istefa verən diplomat qeyd edib ki, Azərbaycanı ölkəyə dərin minnətdarlıq hissi və müştərək səylərin gələcəyinə dair nikbinliklə tərk edir.

Səfirin sözlərinə görə, ölkədə qısa müddət qalmasına baxmayaraq, diplomatik missiya mühüm işlər görüb və həyat yoldaşı ilə birlikdə Azərbaycanın gözəlliklərindən tam şəkildə həzz almağa vaxt çatdıra bilib.

“Biz Danusya ilə birlikdə Azərbaycanın başdan-ayağa hər yerini gəzdik, dağlara qalxdıq, çölləri keçdik və dənizdə çimdik. Qədim və müasir məbədləri, sinaqoqları və məscidləri ziyarət etdik, tarixdən əvvəlki petroqliflərə heyran qaldıq, xalçaçıların və heykəltaraşların gözümüzün qabağında necə möcüzələr yaratdığına tamaşa etdik, ən ləzzətli yeməklərdən həzz aldıq ki, onlardan bəziləri dünyasəviyyəli restoranlarda yüksəksəviyyəli aşpazlar tərəfindən hazırlanmışdı, bəziləri isə vəhşi təbiətdə ocaq üstündə bişirilmişdi.

Lakin bizdə ən çox təəssürat yaradan təbiət, yemək və ya sənətkarlıqdan çox, Azərbaycan xalqı oldu. Nizami Gəncəvidən tutmuş “Ell & Nikki”yə qədər, Vəcihə Səmədovadan tutmuş şef aşpaz Təvəkkülə qədər, Zeynalabdin Tağıyevdən tutmuş AZAL-ın 8243 saylı reysinin qəhrəman heyətinə qədər.

Azərbaycanlılar əfsanəvi cəsarət, yaradıcılıq, dözümlülük və qonaqpərvərliyin təcəssümüdürlər. Buna görə də biz ən çox Azərbaycan xalqı üçün darıxacağıq. Mən onlara hər şeyin ən yaxşısını arzulayıram, çünki onlar daha azına layiq deyillər”, – deyə Mark Libbi bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More