“Milli Qəhrəman Hökümə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlayan şəxslər müəyyən edilib, ailəyə dəyən ziyan isə ödənilib”.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən tədbirlər görülür.
“Faktla bağlı başlanmış cinayət işi çərçivəsində, cinayəti törədən şübhəli şəxslər müəyyən ediliblər. 80507 AZN pul vəsaitinin tam həcmdə zərərçəkmişə ödənilməsi isə təmin edilib”, – deyə qurumdan bildirilib.
Hazırda cinayət işi üzrə əməliyyat-istintaq, əməliyyat-texniki tədbirlər davam etdirilir.
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyevin müraciəti əsasında nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində fakta görə cinayət işi başlanılıb.
“Araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”, – deyə qurumdan bildirilib.
AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.
Oxu.Az xəbər verir ki, bu barədə Ölkə.Az-a danışan H.Əliyevanın atası Cəlil Əliyev faktı təsdiqləyib.
O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.
C.Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxs onu “Kapitalbank”ın əməkdaşı olduğunu deyərək aldadıb:
“Telefonla zəng edərək dedilər ki, sizin şifrənizimi, kartınızımı Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, “Kapitalbank”ın işçisiyik. Dedilər, banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər”.
C.Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “qaynar xətt”inə zəng edərək məlumat verib.
Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.
Xatırladaq ki, dekabrın 25-i səhər “Azerbaijan Airlines” (AZAL) QSC-yə məxsus Bakı-Qroznı J2-8243 nömrəli reysi həyata keçirən “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beş nəfər ekipaj üzvü daxil olmaqla 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlar arasında hər iki pilot daxil olmaqla üç ekipaj üzvü var.
Prezident İlham Əliyevin sərəncamı ilə həlak olan ekipaj üzvləri – İqor Kşnyakin, Aleksandr Kalyaninov, Hökumə Əliyevaya ölümlərindən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Qəza nəticəsində təyyarədə olan və xəsarət alanların hər birinə 20 000 manat, həlak olanların hər birinin ailəsinə isə 40 000 manat kompensasiya ödənilməsinə qərar verilib.