Sumqayıt Dövlət Dram Teatrının sevilən aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Mövsüm Turbəndə oğlu Hüseynov vəfat edib.
Oxu.Az xəbər verir ki, o uzun sürən xəstəlikdən sonra vəfat edib.
O, 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təhsil alıb. 1982-1995-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram, 1995-1997-ci illərdə Azərbaycan Dövlət Musiqili Komediya, 1997-2008-ci illərdə Bakı Bələdiyyə teatrlarında çalışıb.
2010-cu ildən ömrünün sonunadək yenidən Sumqayıt Dövlət Musiqili Dram Teatrında fəaliyyətini davam etdirib. Mövsüm Hüseynov 16 oktyabr 2018-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.
Fəaliyyəti dövründə “Hücum”, “Qəzəlxan”, “Yük”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Hotel otağı” və s. filmlərə çəkilib, teatr səhnəsində onlarla obraz canlandırıb.