Maaşı verilməyən Avropa çempionatının gümüş mükafatçısı karyerasını başa vurdu

Rafael Ağayevdən sonra Fəridə Əliyeva da Karate Federasiyasından maaş almadığı üçün karyerasını başa vurub.

Oxu.Az Azerisport.com-a istinadən xəbər verir ki, Azərbaycan karateçisi, Avropa çempionatının və İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı Fəridə Əliyeva (+68 kq) karyerasını başa vurub.

2023-cü ildə qitə birinciliyinin finalına yüksələn ilk və indiyədək yeganə azərbaycanəsilli karateçi olmuş idmançı Azərbaycan Karate Federasiyası ilə yola getmədiyindən bu qərara gəlib.

“Bir anda mənə maaş verməyi dayandırdılar. Daha dəqiq desək, 2023-cü il Avropa çempionatına 5 ay qalmış federasiyadan maaş almağı dayandırdım. Mənə dedilər ki, bu qərar son illər nəticə göstərmədiyim üçün verilib. Avropa çempionatına getdim və orada gümüş medal qazandım. Bizdə belə bir qayda var idi ki, növbəti analoji yarışa qədər mənə maaş verilirdi. Amma ilin sonuna yaxın mənə pul verməyi dayandırdılar. Dedilər ki, federasiyanın pulu yoxdur, mən də idmandan əl çəkdim.

Cavab verdim ki, təhsilimi davam etdirirəm və ölkə çempionatında iştirak edəcəyəm. Sonra mənə dedilər ki, Azərbaycan çempionu olsam, maaşım bərpa olunacaq. Çempion oldum, amma yenə də pulu almadım. Dedilər ki, federasiyada problemlər var. Amma bildim ki, başqaları maaş alır. Federasiyanın mənə hələ də borcu var. Altı ay maaş aldım, altı ay almadım.

Sizin üçün quyu qazan insanların olduğu yerdə qalmağın mənası yoxdur. İllərdir Azərbaycan bayrağını qaldırırsan, gücünü, sağlamlığını verirsən, amma sənə nəsə olanda ondan imtina edirlər. Yarış zamanı zədələndim – burnum qırıldı, amma federasiya əməliyyat xərclərini qarşılamadı. Öz hesabıma əməliyyat etdirdim. Ümumiyyətlə, niyə xarici idmançı nəticə əldə edəndə federasiya, nazirlik ona mükafat verir, amma mənə, yerli idmançıya heç nə vermirlər? Bu vəziyyətlə üzləşən təkcə mən deyiləm, başqaları da var. Fikirləşdim ki, 27 yaşım var, həyatımı qurmaq vaxtıdır. İndi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində işləyirəm.

Mənim problemim konkret olaraq federasiyanın rəhbəri Ülvi Quliyevlə bağlı deyil. Mən onun zalında böyümüşəm. Sadəcə olaraq, ümumiyyətlə, elə şərait yaradılıb ki, hamı məsələyə soyudu. Bu gün kimdən soruşursan, hamı problemlərdən danışır. Bundan əlavə, məşqçilərimdən həmişə razı olmuşam, onlar mənə çoxlu zəhmət sərf ediblər. Mən onların qarşısında baş əyirəm. Təəssüf ki, ayrılmalı olduq”, – deyə Əliyeva qeyd edib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More