Rusiyanın Moskva vilayətində 16 yaşlı qız dişlərini fırçalayarkən təsadüfən diş fırçasını udub.
Oxu.Az-ın Lenta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, gənc qız ürəkbulanma və döş qəfəsinin yuxarı hissəsində ağrı şikayətləri ilə həkimə müraciət edib.
Rentgen müayinəsi zamanı qızın mədəsində çəhrayı rəngdə diş fırçası aşkarlanıb. Qız bildirib ki, dişlərini fırçaladığı zaman diqqəti dağılıb və nəticədə diş fırçası harasa yoxa çıxıb.
Ümumi anesteziya altında və endoskopik alətin köməyi ilə yarım saat ərzində diş fırçası qızın mədəsindən çıxarılıb. Hazırda onun həyatı təhlükədə deyil.