Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, “İrəvandakı Xan sarayında divarların bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb” adlı buraxılışda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov Qərbi Azərbaycanda mövcud olan qayaüstü rəsmlərdən söz açıb.
O bildirib ki, Qərbi Azərbaycanda olan qayaüstü rəsmlər Qobustandakı rəsmlərlə eynilik təşkil edir. İrəvandakı Xan sarayında divarların bəzədilməsi ilə təsviri sənət yenidən canlanıb.
Onun sözlərinə görə, XIX əsr Azərbaycan rəssamı Mirzə Qədim İrəvani Azərbaycan dəzgah rəngkarlığının banisidir: “Rus işğalına baxmayaraq M.Q.İrəvani sarayda Qacar və İrəvan hökmdarlarının rəsmini çəkib. İlk realist fırça ustası Bəhruz Kəngərlinin “Qaçqınlar” rəsmləri Qərbi Azərbaycanda erməni soyqırımının bədii sübutudur”.
A.Xəlilov Qərbi Azərbaycanda 1 100 il təsviri sənətin hansı səbəbdən inkişaf etməməsinə də aydınlıq gətirib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin videomaterialında: