ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35” qırıcısı Alyaskadakı aviabazada təlim uçuşu zamanı qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Alaska News Source” məlumat yayıb.
Hadisə 354-cü Hava Qüvvələri Bölmələrinin yerləşdiyi Eylson bazasında baş verib. Qırıcı təlim uçuşunu başa vurub yerə enmək ərəfəsində hələlik açıqlanmayan nasazlıq baş verib. Pilot təcili katapult edib. Təyyarə aerodromun uçuş-enmə zolağının yaxınlığına düşərək partlayıb.
Pilot paraşütlə sağ-salamat yerə enib. O, hazırda xəstəxanada tibbi müayinədən keçirilir. Vəziyyəti qənaətbəxşdir.
Baza komandanlığı oxşar hadisənin təkrarlanma şansını minimuma endirmək üçün hərtərəfli araşdırma aparacağına söz verib.
Qeyd edək ki, “F-35″in dəyəri təxminən 81 milyon dollardır.