“Azərbaycanın Fransaya qarşı münasibəti həmişə yaxşı olub. Bunu istər Əlimərdan bəy Topçubaşovun arxivlərində, istərsə də mərhum Heydər Əliyevin 1993-cü ildə prezident seçiləndə ilk xarici səfərini Fransaya etməsində görə bilərik. Fransa həm də keçmiş Minsk qrupunun həmsədri idi, eləcə də əsrin müqaviləsində iştirak etmişdi. Üstəlik, ABŞ Azərbaycana yardımları dayandırmaqla bağlı 907-ci düzəlişi qəbul edəndə Qərbdə Azərbaycan üçün ən yaxşı tərəfdaş, həm də münaqişədə vasitəçi olan tərəf kimi Fransa idi. Lakin sonradan Fransada erməni diasporunun sayı və nüfuzu artdı, bundan sonra gedişat dəyişdi”.
Oxu.Az xəbər verir ki, bunu fransalı tarixçi və jurnalist, “Conflicts” jurnalının direktoru Gil Mixaeli “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” adlı beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandıqdan sonra erməni diasporu daha inkişaf edib, Fransada ermənilərin koordinasiya şurası yaranıb:
“Bu, onlara dünyaya çıxmağa, konkret addımlar atmağa imkan verdi və bundan sonra şəxsi əlaqələrini daha da gücləndirməyə başladılar. Ermənilərin Fransa siyasətçiləri ilə əlaqələrini daha da gücləndirməsi isə Beşinci Respublikada onların təsir qüvvəsini artırmağa başladı. Bu, Fransanın da dövlət kimi nüfuzuna təsir etdi, Yelisey sarayında siyasi istiqamət dəyişdi. Ermənilər Fransada təsirlərini belə artırdılar”.
“Bu gün apardığımız danışıqlar isə onu göstərir ki, biz Azərbaycanla əlaqələri ən yüksək səviyyədə saxlamağa və problemi aradan qaldırmağa çalışırıq. Biz buna nail olmaq istəyirik”, – deyə direktor əlavə edib.
Mərahim Nəsib