Gürcüstandan AŞPA-nın qərəzinə cavab: Müstəqil dövlətlərlə ultimatum dilində danışmaq olmaz

Azərbaycana qarşı qərəzli və ikili mövqeyi ilə seçilən Qərb strukturlarının, o cümlədən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni hədəfi Gürcüstandır. Bu dövlətə qarşı “səlib yürüşü”nə start verən Qərb Tbilisinin müstəqil siyasət yürütməsi ilə heç cür barışa bilmir, ona qarşı hədyan və böhtan yağdırır.

Qonşu Gürcüstanda inqilab ssenarisi baş tutmadığından, onu sanksiya və qətnamələrlə hədələyirlər. Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və “siyasi məhbuslar”ın azad olunmasını tələb edən qətnamənin AŞPA-da qəbulu da bundan xəbər verir.

Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı “güc tətbiqi”ni, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “Xarici agentlər” haqqında qanunu geri çəkmək tələb olunub. Özü də hakim “Gürcü Arzusu” Partiyası qeyd edilən tələbləri qısa müddət ərzində yerinə yetirməlidir. Yoxsa həmin vaxtadək Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətləri məhdudlaşdırılacaq.

Rəsmi Tbilisi də öz növbəsində ittihamları cavabsız qoymayıb. AŞPA-dakı nümayəndə heyəti avropalı parlamentarilərin ədalətsiz qətnaməsinə görə qurumdakı fəaliyyətini dayandırıb və bu da Qərbdə şok effekti yaradıb. AŞPA ümid edirdi ki, Tbilisi təzyiqlərin qarşısından geri çəkiləcək. Lakin bu, baş vermədi.

Gürcüstan nümayəndə heyəti bütün şərtlərin tamamilə qəbuledilməz olduğunu bildirərək, bunların ölkənin daxili işlərinə müdaxilə və gürcü xalqının iradəsinə zidd olduğunu bəyan edib.

Baş nazir İrakli Kobaxidzenin məsələyə reaksiyasını da AŞPA-ya tutarlı cavab saymaq olar.

“Bugünkü vəziyyətdə Avropa Şurası Parlament Assambleyasında olmağın mənası yoxdur. Bizim qərarımız tamamilə alternativsiz qərardır”, – deyə o bəyan edib. Baş nazir əlavə edib ki, Avropa bürokratiyasında müşahidə edilən ədalətsizlik, yanlış yanaşma və problemlər aradan qalxarsa, Gürcüstanın AŞPA-dakı fəaliyyəti bərpa ediləcək.

Maraqlıdır ki, AŞPA Gürcüstanda parlament seçkilərinə dair hər hansı qanun pozuntusu ilə bağlı sübutlarının olmadığı halda belə, Tbilisini hədəfə alır. Hər kəs də yaxşı bilir ki, Avropanın məramı özündən tamamilə asılı bir Gürcüstan görməkdir. Ölkəni Rusiyaya tətbiq edilən sanksiyalara qoşmaq, Gürcüstan vasitəsilə ikinci cəbhəni açmaq hədəflənib.

Seçkilərdən 3 ay keçməsinə baxmayaraq, Qərb hələ də seçki pozuntuları ilə bağlı sübutları ortaya qoya bilməyib. Görünən odur ki, Avropanın siyasi elitasının Gürcüstanın suverenliyini təhdid etməsi qənaəti gürcülər arasında güclənir. Belə olmasaydı, gürcülərin əksəriyyəti müstəqilliyini qorumağa çalışan ölkənin AŞPA-dan çıxma qərarını doğru addım kimi qiymətləndirməzdi.

Önəmlisi odur ki, AŞPA-nın siyasi baxımdan “çürümüş”, gücsüz bir qurum olduğunu artıq ən loyal gürcülər də qəbul edir və dəstəkləyir. Adı dəfələrlə korrupsiya qalmaqallarında hallanan, separatizmə dəstək verən AŞPA artıq xalqda heç bir inam yaratmır.

Bəli, bu gün Gürcüstanın demokratik hökuməti davamlı olaraq öz suverenliyini təmin etmək, sülhü qorumaq və milli maraqları müdafiə etmək istiqamətində çalışır. Tbilisinin ədalətsiz münasibətə və ikili standartlara qarşı mövqeyi düzgündür.

AŞPA Gürcüstan xalqının iradəsini və demokratik hökumət üçün səs vermiş 1 milyon 120 min seçicinin qərarını hörmətlə qarşılamalıdır. AŞPA və ya başqa bir təşkilat heç bir əsas olmadığı halda yeni seçkilər tələb edirsə, bu, qəbuledilməzdir. Gürcüstanın əsas siyasi mesajı budur ki, ölkə öz suverenliyini, sülhü və milli maraqlarını möhkəm müdafiə etməkdə davam edəcək, Avropa bürokratiyasından gələn siyasi təzyiqlərə isə “yox” deyəcək. Gürcü rəsmilərinin də dediyi kimi, əgər Avropa Gürcüstanla şantaj və təzyiq dili ilə danışırsa, yollar sağlam şəkildə ayrılmalıdır.

Yeri gəlmişkən, AŞPA-nın separatizmə dəstək verməsi səbəbindən, Azərbaycan da ötən il qurumdakı fəaliyyətini dondurub. O da Gürcüstan kimi AŞPA-nın qərəz və ikili standartlarının hədəfi olub. Bu barədə Prezident İlham Əliyev də fikrini açıq şəkildə bəyan edib.

“Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı haqsız mövqeyi ölkənin ərazi bütövlüyünün bərpası ilə əlaqədardır”, – deyə Prezident ötən il avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bir sıra Qərb təsisatları, anti-Azərbaycan qüvvələri dövlətimizə qarşı haqsız və ədalətsiz münasibət sərgiləyir: “Qərəzli mövqeyə görə AŞPA üzvlərinin Azərbaycana səfərinə qadağa qoyulub. Ölkənin nümayəndə heyətinin təşkilata qayıtmasından sonra bu qadağa ləğv ediləcək. Azərbaycan dəfələrlə AŞPA-nı “qırmızı xətt”i keçməkdə ittiham edib”.

İndi analoji ssenari Gürcüstana qarşı həyata keçirilir…

“Report” İnformasiya Agentliyi

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More