Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.
Azərbaycan son illərdə tranzit imkanlarının genişləndirilməsi, gələcəyi hədəfləyən infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atıb. Pandemiya, Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ukrayna müharibəsi nəticəsində beynəlxalq səviyyədə müşahidə olunan geosiyasi və geoiqtisadi təlatümlər ölkəmizin qlobal əhəmiyyətli tranzit qovşağa çevrilməsi istiqamətində unikal imkanlar yaradıb.
Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.
“Nəqliyyat xəritəsini bizsiz təsəvvür etmək mümkün deyil”
Azərbaycanın ali rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Bakı bu imkanlardan maksimum dərəcədə yararlanmağı hədəfləyir. Qeyd etdiyimiz amillər nəticəsində dünyanın dəyişən mənzərəsində beynəlxalq iqtisadi inkişafın əsas lokomotivlərinin diqqəti Azərbaycandan keçən alternativ nəqliyyat dəhlizlərinə istiqamətlənib. Bir neçə gün əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə üzərinə vurğu edilən məqamlar Azərbaycanın sözügedən sahədə qlobal miqyaslı oyunçuya çevrilmək niyyətindən xəbər verir. Dövlət başçısının da vurğuladığı kimi, “bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil”.
Bu gün Azərbaycan Rusiya ilə İran körfəzini birləşdirən Şimal-Cənub, Çindən, Mərkəzi Asiyadan Avropaya quru konteynerlərin çatdırılmasını nəzərdə tutan Transxəzər, Orta dəhlizin əsas arteriyası sayılan Bakı-Tbilisi-Qars kimi meqatranzit layihələrə malikdir. Ölkəmizin qarşısında dayanan başlıca vəzifə məhz bu layihələr çərçivəsində sahib olduğumuz imkanları daha da genişləndirməkdir. Prezident İlham Əliyevin də müvafiq qurumlar qarşısında qoyduğu əsas vəzifələr məhz bunu diktə edir: “Adətən nəqliyyat mərkəzləri statusuna malik olan ölkələr o ölkələrdir ki, onların açıq dənizlərə çıxışı var. Bizim isə dünya okeanlarına çıxışımız yoxdur. Amma buna baxmayaraq, gördüyümüz işlər nəticəsində biz Azərbaycanı əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevirmişik. İşlər davam edir, həm Şimal-Cənub, həm Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə indi əlavə tədbirlər görülür. Çünki vaxtilə hesablanmış yüklərin həcmi artıq onu göstərir ki, daha böyük həcmdə yüklər keçəcək. Bu, müxtəlif səbəblərə bağlı olan məsələdir. Ancaq fakt odur ki, biz indi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayə cəlb etmişik və edəcəyik”.
Statistik rəqəmlər nə deyir?
Statistik məlumatlar da hər bir istiqamət üzrə gələcək proqnozların sürətli artımından xəbər verir. 2024-cü ildə Çin-Mərkəzi Asiya-Azərbaycan marşrutu ilə ümumilikdə 358 blok-qatar göndərilib ki, bunlardan 146-sı tranzit, 212-si isə idxal yüklərinin daşınmasını təmin edib. 2025-ci ildə Çindən Azərbaycan və Avropa istiqamətində göndərilən blok-qatarların sayının üç dəfədən çox artırılaraq il ərzində 1000-ə çatdırılması planlaşdırılır. Artan tələbat fonunda 2024-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illik yükaşırma həcmi bir milyon tondan beş milyon tona çatdırılıb.
Şimal-Cənub dəhlizi ilə isə Azərbaycan ərazisindən tranzit yükdaşımaların həcmi 2024-cü ildə 814 min ton təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 faizdən çoxdur.
Orta Dəhliz marşrutunun mühüm hissəsi olan Bakı Limanında ötən il ərzində aşırılan yükün ümumi həcmi 7.6 milyon ton olub ki, bu da 2023-cü ilin müvafiq göstəricisindən 3.2 faiz çoxdur.
Qarşıdakı beş il ərzində İran ilə Azərbaycan arasında tranzit yükdaşımaların həcminin 15 milyon tona çatdırılması barədə iki dövlət arasında razılıq əldə olunub. Özbəkistanın Nəqliyyat Nazirliyi beynəlxalq nəqliyyat marşrutlarının şaxələndirilməsi, o cümlədən Azərbaycan ərazisindən yeni tranzit dəhlizlərinin yaradılması üzərində işləyir. Bu işlər Qazaxıstan tərəfində də sürətlə həyata keçirilir.
Gələcək hədəflər üçün atılacaq addımlar
Bəs gələcək hədəflər üçün hansı addımlar atılacaq? Bu məsələnin də detallarını Prezident İlham Əliyev açıqlayıb. Dövlət başçısı bildirib ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yükqəbuletmə imkanları bir milyon ton olacaq. Yeni Dəniz Ticarət Limanının birinci fazasının yükaşırma qabiliyyəti 15 milyon ton nəzərdə tutulurdu. Artıq limanın imkanlarının 25 milyon tona çatdırılması hədəfdədir. Artan tələbat fonunda bu da son deyil. Buraya hava limanlarının tikintisinin yekunlaşdırılması, əlavə dəmiryolu və avtomobil yollarının imkanlarının genişləndirilməsi də daxildir. Bütün bu işlərin vahid konsepsiya halında, zamanında icrası da diqqət mərkəzindədir. Dövlət başçısının da qeyd etdiyi kimi, “bütün bu nəqliyyat məsələlərini bir mərkəzdə cəmləşdirmək üçün mənim qərarımla bu yaxınlarda yeni qurum – AZCON qurumu yaradıldı, hansı ki, bütün bu əlaqələndirmə və perspektiv inkişaf planını, o cümlədən sərmayə qoyuluşunu – bütün bu məsələləri nəzərə alacaqdır”.
Zəngəzur dəhlizi ilə bağlı mövqe dəyişilməzdir
Təbii ki, Azərbaycanın qlobal tranzit qovşağa çevrilməsi tək iqtisadi yox, həm də siyasi çeviklik tələb edir. Bu məsələdə Zəngəzur dəhlizinin reallaşması və Bakının hədəflərinə qarşı məkrli planların zərərsizləşdirilməsi də mühüm əhəmiyyət daşıyır. Artıq ölkəmizin ikinci istiqamət üzrə zəngin təcrübəsi də var. Dövlət başçısının müşavirədə Bakı-Tbilisi-Qars layihəsinin ilkin vaxtlarında üzləşdiyimiz çətinliklərlə bağlı səsləndirdiyi fikirlər buna misaldır. Zəngəzur dəhlizinə gəldikdə isə, rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Ermənistanın qeyri-konstruktivliyi səbəbindən açılışı hələ də reallaşmayan bu dəhlizlə bağlı Azərbaycan müvafiq addımlar atmaqdadır. Artıq İran üzərindən alternativ istiqamət müəyyənləşdirilib və tərəflərin razılığı əsasında körpülərin, yolların inşası prosesi sürətlə davam edir. Yəni, Azərbaycan qarşısında Ermənistan əngəli dövlətimizin ali rəhbərliyinin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində heç bir əhəmiyyət daşımır.
Beləliklə, Azərbaycan Avrasiya məkanında əsas nəqliyyat qovşağı kimi mövqeyini fəal şəkildə möhkəmləndirir. Bu, gələcəkdə ölkəmizin iqtisadi inkişafının əsas istiqamətlərindən biri olmaqla yanaşı, beynəlxalq aləmdə böyük təsir gücünə malik aktor olmağımızı da şərtləndirəcək.