Mikromobillik qısaməsafəli səfərlərin daha çevik, rahat və ekoloji təmiz şəkildə həyata keçirilməsini təmin edən nəqliyyat növü olaraq son illərdə böyük əhəmiyyət qazanıb, xüsusən şəhər daxilindəki tıxacların aradan qaldırılması baxımından mühüm rol oynayır.
Azərbaycanda bu sahədə görülən işlər və gözlənilən inkişafla bağlı Oxu.Az-a danışan nəqliyyat eksperti Rauf Ağamirzəyev mikromobilliyin bir-üç, bəzi ölkələrdə beş, səkkiz kilometrə qədər olan səfərlər üçün çox effektiv nəqliyyat növü olduğunu vurğulayıb.
O bildirib ki, Bakıda bir il ərzində ilkin olaraq 35 kilometrlik velozolaq şəbəkəsi qurulub və velosipedlərin icarəsi təşkil olunub:
“İstifadəçilərin sayı artır və bu şəbəkənin yüz kilometrə qədər genişləndirilməsi nəzərdə tutulub. Eyni zamanda ölkəmizdə skuter istifadəçilərinin sayı çoxdur. Bu, getdikcə daha çox maraq yaradan nəqliyyat növlərindən birinə çevrilir”.
Ekspert deyib ki, buna qədər fərdi nəqliyyatla səfər edənlərin sayı çox idi və bu da uzunmüddətli tıxaclara səbəb olurdu:
“Bunun üçün həll yollarından biri mikromobillik üçün və avtobus zolaqlarının ayrılması idi. Bunun paralelində səkilərin abadlaşdırılmasına da bir qədər diqqət ayırsaq, insanlar ictimai nəqliyyatdan istifadəyə və piyada gəzməyə daha çox üstünlük verəcəklər”.
R.Ağamirzəyev deyib ki, statistik məlumatlar da avtobuslar və mikromobillik üçün zolaqların ayrılmasından sonra buna yönələnlərin sayında artımın olmasını göstərir.
R.Ağamirzəyev indiki halda mikromobilliyin həm də ciddi təbliğ və təşviq olunmasına ehtiyac olduğunu vurğulayıb:
“Bəzi stereotiplər var ki, bunları dağıtmaq lazımdır. Bunun üçün ciddi təbliğat olmalıdır ki, insanlar bu növlərə yönəlsinlər. Eyni zamanda çəkilmiş zolaqların şəbəkələşdirilməsini sürətləndirmək lazımdır. Şəbəkənin genişlənməsi ilə yanaşı, bəzi sahələr var ki, onlar hələ lokal olaraq qalıb. Onların tamamlanması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) müəyyən işlər görüb və bunun davamında həmin işləri daha da sürətləndirmək lazımdır. Hesab edirəm ki, yaxın illərdə mikromobil nəqliyyat vasitələrindən istifadə edənlərin sayında daha çox artım müşahidə edəcəyik”.
Aləmdə Nəsib