“Şahmatçıların məcbur edilməsi, hakimiyyətdən sui-istifadə və vədlərə əməl olunmaması”.
Oxu.Az xəbər verir ki, bu fikirlər norveçli şahmatçı Maqnus Karlsenə məxsusdur.
16-cı dünya çempionu sosial şəbəkə paylaşımında Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçi sərt tənqid edib:
“FIDE prezidenti Arkadi Dvorkoviç, siz məni Nyu-Yorkda keçirilən rapid və blits üzrə dünya çempionatında iştirakı davam etdirməyə razı salmaq əvəzinə dekabrın 19-da atama yazdınız: “Sadəcə olaraq sizə və Maqnusa deyirəm ki, FIDE və “Freestyle Chess Tour” tərəfindən hansı qərarın qəbul edilməsindən asılı olmayaraq, bu oyunçulara heç cür toxunmayacaq. Onlar müstəqil şəkildə qərar qəbul edə biləcəklər və FIDE heç bir mənfi addımlar atmayacaq”.
Elə həmin gün sonradan əlavə etdiniz ki, əgər FIDE şurası sözlərimi qırsa, istefa verəcəyəm. Amma oyunçuları qəbuledilməz imtina imzalamağa məcbur etməklə vədinizi pozdunuz. Siz istefa verəcəksiniz?”
Qeyd edək ki, FIDE Karlsenin yaradıcısı olduğu “Freestyle Chess Tour” arasında razılıq əldə olunmadığını açıqlayıb. Bu qurum FIDE-nin dünya çempionatlarının yeganə tənzimləyicisi olduğunu tanımaq istəməyib.