Ukrayna Ali Radasının deputatlar qrupu qeyd edib ki, hazırda Azərbaycanda məhkəmə prosesi davam edən Ruben Vardanyan Ukraynaya qarşı da qanunsuz əməllər törədib.
Oxu.Az bu barədə “Unian”a istinadən xəbər verir.
Məlumata görə, Vardanyana qarşı ukraynalı parlamentarilər, prezident və xüsusi xidmət orqanları tərəfindən də dəfələrlə suallar yaranıb.
“2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahılarına daxil edilib. 2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti onu “rus-faşist işğalçılarının və terrorçuların əlaltısı” xarakteristikası ilə “Mirotvorets” saytının məlumat bazasına daxil edib. 2024-cü ildə Ukrayna parlamentinin 18 deputatı Vardanyanın adının Nobel Sülh Mükafatına namizədlər siyahısından çıxarılması tələbi ilə kollektiv məktub imzalayıb”, – məqalədə vurğulanır.
Qeyd olunur ki, Azərbaycanda Vardanyana qarşı məhkəmə prosesinin başlaması Ali Radanın deputatlarının diqqətini yenidən cəlb edib. Onlar sosial şəbəkələrdə onun cinayətkar fəaliyyətinin beynəlxalq xarakterinə diqqət yetirməyə çağırırlar.
“Xalqın Xidmətçisi” (“Sluqa Naroda”) partiyasından olan deputat Nikolay Qaluşko “Facebook” səhifəsində yazıb ki, Ruben Vardanyan Ukraynanın ikiqat düşməni, həmçinin “Rusiyanın marioneti və Putinin pul kisəsidir”.
Qaluşkonun həmpartiyalısı Yuri Kamelçuk şəxsi hesablarındakı videolarda bildirir: “Bu şəxsin (Vardanyanın) üzərində damğa qoymağa yer yoxdur. Əgər o, Azərbaycanda həbsdə olmasaydı, onu Ukraynaya və ya məsələn, Litvaya gətirmək lazım olacaqdı. Yeri gəlmişkən, “Mirotvorets” saytında da belə yazılıb – dərhal həbs edilməli və Ukraynanın və ya NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməlidir”.
Y.Kamelçuku deputat Aleksandr Fediyenko da dəstəkləyib. O bildirib ki, Vardanyan “Putinə yaxınlığı ilə tanınan xadim, Rusiyaya maliyyə dəstəyinin simvoluna çevrilib. Onun adı 2019-cu ildən ABŞ, Avropa İttifaqı və Ukraynanın araşdırmalarında və sanksiya siyahılarında yer alır”.