Azərbaycan badmintonçuları ilkə imza atıblar

İlk dəfə Azərbaycanın iki gənc badmintonçusu bu idman növü üzrə dünyada böyük uğura imza atıblar.

Oxu.Az xəbər verir ki, Ülvi Hüseynov və Həcər Nuriyeva Dünya Badminton Federasiyasının (BWF) açıqladığı reytinq siyahısında “Top-100″ə düşüblər.

Beynəlxalq turnirlərdə uğurlu çıxışla yadda qalan Ü.Hüseynov reytinqdə 63-cü yerə yüksəlib. Badmintonçumuz son olaraq İran və Türkiyədə keçirilmiş beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq xalını 4050-yə çatdırıb.

O, 2023-cü ildən Malayziya Badminton Akademiyasında təhsil almaqla yanaşı, mütəmadi olaraq bu ölkənin müxtəlif yaş qrupları üzrə milli komandalarının üzvləri ilə birgə təlim-məşq toplanışlarında iştirak edir.

H.Nuriyeva isə 2023 və 2024-cü illər ərzində Tacikistan, İspaniya, Türkiyə, Zambiya və Botsvanada keçirilmiş beynəlxalq turnirlərdə mükafatçılar sırasında yer almaqla reytinq sıralamasında 21 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb. O, sonuncu dəfə bu il İranda təşkil olunmuş beynəlxalq turnirdə Leyla Camalzadə ilə birgə çıxış etdiyi qoşa kateqoriyada qızıl medal qazanaraq reytinq xalını 5800-ə yüksəldib.

Qeyd edək ki, yerli idmançıların dünyanın “Top-100” badmintonçusu siyahısında yer alması Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edən strategiyasının əsas hədəflərindən biridir.



Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More