“Santos”un və Braziliya millisinin sabiq futbolçusu Antonio Lima 84 yaşında vəfat edib.
Oxu.Az xatırladır ki, Lima 16 yaşında “Juventus San-Paulo” ilə ilk peşəkar müqaviləsini imzalayıb. Üç il sonra o, bir çox kuboklar qazandığı “Santos”un oyunçusu olub.
Antonio Lima həm müdafiədə, həm də yarımmüdafiədə oynayan çoxyönlü futbolçu idi. Yunanıstanın “Panatinaikos” klubu ilə görüşdə onun meydanda beş mövqe dəyişdiyi məlum olub.
A.Lima “Santos” ilə iki dəfə Libertadores Kubokunu qazanıb. 1963-cü ildə “Boka Xuniors”la final matçında Lima qələbə qolunu vurub və komandası 3-2 hesabı ilə qalib gəlib (cavab görüşü “Santos”un 2-1 hesablı qələbəsi ilə başa çatıb).
O, həm də iki dəfə Qitələrarası Kubokun qalibi olub. 1962-ci il sentyabrın 19-da “Benfika”ya qarşı oyunda (3:2) qol vurub (ikinci görüşdə “Santos” 5:2 hesabı ilə qalib gəlib), bir il sonra isə “Milan”a (4:2) finalda qol vurub. Həmin final üç görüşdən ibarət idi: ilk oyunda italyanlar qalib gəlib (4:2), ikincidə “Santos” məğlubiyyətin əvəzini çıxıb, üçüncü həlledici görüş 1:0 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.
Lima 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunda iştirak edib və Braziliya yığması sensasiyalı şəkildə qrupdan çıxa bilməyib. Lima millinin heyətində ümumilikdə 13 oyun keçirib və 4 qol vurub.
O, karyerasını Portuqaliyanın həvəskarlardan ibarət “Santista” komandasında başa vurub.
Lima “Santos”un heyətində 696 oyun keçirib və 65 qola imza atıb.
Comments are closed, but trackbacks and pingbacks are open.