Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi tarix elmləri doktoru, professor Qasım Hacıyev olub. O, Azərbaycanın Cənubi Qafqazda ən zəngin və qədim tarixə malik ölkə olmasından söhbət açıb. Bildirib ki, Azərbaycan ərazisində mövcud olan Azıx, Tağlar, Damcılı kimi mağaralar, qədim insan yaşayış məskənləri, Quruçay və Kür-Araz mədəniyyətinə dair tapıntılar bu barədə qəti fikir söyləməyə əsas verir.
Tarixçi-alim Azərbaycan xalqının dövlətlər, imperiyalar yaratdığını, böyük dövlətçilik ənənəsinə sahib olduğunu vurğulayıb. Qeyd edib ki, Manna, Midiya, Atropatena, Albaniya, Sacilər, Salarilər, Rəvvadilər, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri, Səfəvilər, Əfşarlar imperiyaları, eləcə də xanlıqlar dönəmində ermənilərin bu coğrafiyada dövləti olmayıb. Ona görə də ermənilərin hansısa dövlətçilik ənənəsindən danışması, müəyyən iddialarla çıxış etməsi əsassızdır.
Professor Q.Hacıyev deyib ki, ermənilər Əhəmənilər imperiyası dövründə Dəclə və Fərat çayları vadisində kiçik bir satraplıqda məskunlaşıblar. Onların tarixi Urartu dövlətinə iddia etmələri də absurddur, heç bir tarixi, elmi əsasa malik deyil. Ümumiyyətlə, ermənilərin Cənubi Qafqaza dair qədim tarixi və mədəniyyəti yoxdur. Ermənilərin bu coğrafiyaya XIX əsrin əvvəlində Çar Rusiyası tərəfindən köçürülməsi inkarolunmaz faktdır. Zaman-zaman tarixi Azərbaycan torpaqlarına, xüsusən də Qərbi Azərbaycan ərazisinə köçürülən ermənilər sonradan bu yerlərin əzəli sakinləri olduqlarını iddia ediblər. Məhz çar Rusiyasının himayəsi, sonrakı dövrdə isə bolşeviklərin dəstəyi ilə Ermənistan adlı süni bir dövlət yaradılıb.
Professorun sözlərinə görə, ermənilərin keçmişinə dair vaxtilə mxitaristlərin saxta tarix uydurma prosesi sovet hakimiyyəti illərində bir sıra “alimlər” tərəfindən davam etdirilib, Cənubi Qafqazdakı xristian abidələrinin, o cümlədən alban kilsələrinin özününküləşdirilməsinə başlanılıb. Lakin müəyyən zaman keçəndən sonra bəzi erməni alimləri bu saxta tarixi özləri inkar və ifşa ediblər. Hətta ermənipərəst alim kimi tanınan sovet arxeoloq və şərqşünası, akademik Boris Piotrovski elmi məqalələrində hayları ifşa edib. Çünki tarixdə mövcud olmayan bir dövlətin varlığını sübut etmək absurddur.
Q.Hacıyev söyləyib ki, Qriqoryan kilsəsi ətrafında birləşən ermənilər Qafqazda etnik təmizləmə siyasəti həyata keçiriblər. XX əsrin əvvəlində azərbaycanlılara qarşı dəfələrlə törədilən soyqırımları, deportasiyalar buna əyani misaldır. Tarixçi-alim babalarının qədim yurd yeri olan Qərbi Azərbaycandan, o cümlədən Dərələyəz mahalından danışıb, ötən əsrin əvvəlində Kotanlı və İstisu yaxınlığında günahsız, dinc azərbaycanlıların ermənilər tərəfindən qəddarlıqla qətlə yetirildiyini xatırladıb. Bildirib ki, ermənilər azərbaycanlılar yaşayan bir çox kəndləri tamamilə dağıdıb, yer üzündən siliblər.
Vətənsiz qalan insan üçün yaşamağın çətin olduğunu diqqətə çatdıran professor Q.Hacıyev sonda vurğulayıb ki, bu gün Qərbi Azərbaycana qayıdış ümummilli məsələyə çevrilib və soydaşlarımızda tarixi torpaqlarımızı yenidən görmək ümidi artıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
![](https://img.youtube.com/vi/g5u__TT0l_E/sddefault.jpg)
Comments are closed, but trackbacks and pingbacks are open.