Müsavat Partiyasının fəalını qətlə yetirməkdə ittiham olunan Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs müdafiəçinin suallarını cavablandırıb.
O bildirib ki, qətl zamanı istifadə olunan bıçağın yerini polisə özü deyib: “Məndən soruşdular ki, bıçaq hanı? Dedim ki, maşınımdadır. Maşının açarının pencəyimin cibində olduğunu söylədim. Hadisə yerində olan qanı mən təmizləmişdim. Hadisə ilə bağlı heç kimə xəbər verməmişdim. Amma cinayətdən narahat olmuşdum”.
Daha sonra prosesdə sənədlər tədqiq edilib. Zərərçəkən şəxsin vəkili vəsatət verərək təqsirləndirilən şəxsin ittiham oldunduğu maddələrin ağırlaşdırımasını xahiş edib.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış edərək Elsevər İslamovun 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə, 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra zərərçəkənin hüquqi varisi olan bacısı çıxış edib. O, ədalətli hökm verilməsini xahiş edib: “Elsevər İslamov həbsdən çıxmamalıdır. Mən qardaşımın belə öldürülməsini təsəvvür belə edə bilməzdim. O, qardaşımı öldürərək meyiti üzərində ağlasığmaz hərəkətlər edib. Sizdən ədalətli qərar verməyinizi xahiş edirəm”.
Zərərçəkənin vəkili Nemət Kərimov çıxış edərək təqsirləndirilən şəxsə istənilən cəzadan narazı olduğunu bildirib: “Təqsirləndirilən şəxs Natiq Mehdini döyüb, huşunu itirəndən sonra bıçaqlayaraq öldürüb və bununla da kifayətlənməyərək cinsiyyət orqanını kəsib. Mən hesab edirəm ki, bu, manyaklıqdır. Ona görə sizdən xahiş edirəm ki, ona ömrlük cəza təyin edilsin”.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Proses martın 17-də davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən ilin may ayında, Bakının Xətai rayonu ərazisində, 55 saylı orta məktəbdə baş verib. 1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.
O, son qurultaydan əvvəl partiya başqanlığına namizədliyini irəli sürüb. İsa Qəmbər namizədliyini verdikdən sonra namizədliyini geri götürüb.
Onun qətlin üstü açılandan bir neçə gün əvvəl maşını ilə itkin düşdüyü bildirilib.
Qətllə bağlı 55 nömrəli orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışan Elsevər İslamova Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) və 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.