Sumqayıtda narkomanlar üçün Reabilitasiya Mərkəzində baş verən yanğın söndürülüb.
APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən vətəndaşa məxsus özəl reabilitasiya mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində üçmərtəbəli tikilinin 3-cü mərtəbəsində baş vermiş yanğın genişlənərək digər mərtəbələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 540 kv.m. olan tikilinin taxta konstruksiyalardan ibarət 3-cü mərtəbəsi əşyaları ilə birgə 180 kv.m. sahədə yanıb.
Tikilinin 1 və 2-ci mərtəbələri yanğından mühafizə olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
***
12.56
Sumqayıtda narkomanlar üçün nəzərdə tutulmuş Reabilitasiya Mərkəzində yanğın olub.
APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikası cəlb olunub.
Yanğın məhdudlaşdırılıb.
FHN-in Mətbuat xidmətindən APA-ya bildirilib ki, Sumqayıtda 2 nömrəli Şəhər Xəstəxanasının yaxınlığındakı tikilidə baş verən yanğınla mübarizə tədbirləri davam etdirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.