Türkiyə tarixində böyük rol oynayan azərbaycanlı qadınlar – FOTO

Tarixin müxtəlif dövrlərində azərbaycanlıların Türkiyənin ictimai, siyasi, mədəni və bir çox sahələrində ön plana çıxdıqlarını görmək mümkündür. Təbii ki, bu həmvətənlərimizin arasında əzmi, şücaəti, qəhrəmanlığı ilə bilinən Azərbaycan qadınları da var. Bu qadınların böyük əksəriyyəti XX əsrin əvvəllərində bolşevik işğalından sonra ölkəmizi tərk etmək məcburiyyəti qarşısında qalaraq Türkiyəyə köç etmiş dövlət və ictimai xadimlərimizin qardaş ölkədə boya-başa çatan varisləridir.

Xezerxeber.az xəbər verir ki, AZƏRTAC Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin dəstəyi ilə Türkiyə tarixinə adını yazdıran qadınlarımızın həyat hekayələrinə qısa nəzər salır.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra bu ölkənin banisi, qardaş xalqın ulu öndəri Mustafa Kamal Atatürk siyasətinin prioritetlərindən biri də türk qadınını önə çəkərək onları cəmiyyətə qazandırmaq idi. Məhz bundan sonra qardaş Türkiyədə bir çox qadın müxtəlif sahələr üzrə adını ilklər siyahısına yazdıra bildi.

Bu qadınlardan biri də Türkiyə Böyük Millət Məclisinin ilk qadın deputatlarından olan Tezer Ağaoğludur (Taşkıran). Soyadından da göründüyü kimi, ölkəmizin ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun qızı olan Tezer xanım 1907-ci ildə Bakıda doğulub. Onun əsl adı Təzəxanım (nənəsinin adı) olub və Türkiyəyə köçdükdən sonra isə Tezər kimi rəsmiləşdirilib. Ali təhsilini 1924-cü ildə İstanbul Darülfünunun fəlsəfə bölümündə başa vuran Tezer xanım həmin il Türkiyə vətəndaşlığına qəbul edilib. Universiteti bitirdikdən sonra Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərib ki, bununla da Tezər Ağaoğlu oğlan məktəbində dərs deyən ilk türkiyəli qadın müəllim adını qazanıb.

Türkiyədə 1934-cü ildə qadınlara parlamentə seçilmək hüququ verilib və Tezər Taşkıran 1941-ci ildə Kastamonudan millət vəkili seçilib. 1946-cı il seçkilərində isə Tezər Karsın ilk qadın millət vəkili kimi parlamentə daxil olub. 1950-ci ildə 10 kişi namizəd arasında ən çox səsi (83 min 14) əldə edərək parlamentin Karsdan növbəti dəfə deputatı olub. Deputatlığı dövründə Tezer Taşkıran təhsil, qadın və uşaq hüquqları ilə bağlı çıxışlar edib, bu sahədə mühüm işlər görüb.

Tezer Taşkıran 4 may 1979-cu ildə vəfat edib. Türkiyədə 1987-ci ildən etibarən onun adını daşıyan məktəb fəaliyyət göstərir.

Bu xanımlardan biri də Türkiyənin ilk qadın vəkili azərbaycanlı Sürəyya Ağaoğludur. Sürəyya xanım 1903-cü ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya gəlib. Beşuşaqlı ailənin ilk övladı olan Sürəyya xanımın mühacirət həyatına məhkum edilənlərdəndir. Atasının ideoloji düşüncələri və tutduğu vəzifələr səbəbindən onun uşaqlıq və gənclik illəri Türk Ocağının ziyalıları, eləcə də Mustafa Kamal Atatürkün yaxın dostları arasında keçir. Uşaqlıdan vəkil olmağı arzulayan Sürəyya xanım ictimai-siyasi proseslərin fonunda böyüyür və öz fikirləri ilə məktəbdə də seçilir.

O, 1920-ci ildə İstanbul Qızlar Liseyini bitirdikdən sonra 1921-ci ildə Hüquq fakültəsində təhsil almaq üçün Darülfünuna – hazırkı İstanbul Universitetinə müraciət edir. O, İstanbul Universitetinin Hüquq fakültəsinə müraciət edən ilk qadın tələbə olmaqla, fakültənin qız tələbələrin üzünə açılmasında aparıcı rol oynayıb. Belə ki, universitetə yanında iki rəfiqəsini də gətirən Sürəyya xanım bu ali təhsil müəssisəsində Hüquq fakültənin qız tələbələr üçün açılmasına müvəffəq olur. Bununla da Sürəyya xanım Türk dünyası tarixində hüquq fakültəsinə daxil olan ilk qadın tələbə olur.

Kimsəsiz və qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmək məqsədilə 1948-ci ildə Türkiyənin bir çox tanınmış iş adamını evinə dəvət edən Sürəyya Ağaoğlu bu məqsədlə Türkiyə tarixində ilk dəfə “Sürəyya Ağaoğlu Uşaq Dostları” dərnəyini yaradır. Elə bu məqsədlə də Sürəyya xanım özünəməxsus əraziləri iş adamlarına verərək bu uşaqlar üçün sığınacaq tikdirir. Hazırda bu binanın fəaliyyəti sayəsində 450-dən artıq tələbə təqaüd alır.

Həyatı boyunca insanlar arasında din, dil, irq anlayışını qəbul etməyən Sürəyya xanım ötən əsrin 50-ci illərinin əvvəllərində alman hüquqşünas Verner Taşenbrekerlə ailə qurur. Onların bu izdivacdan övladları olmur. Bu nikah 1960-cı illərdə dağılsa da, onların arasındakı dostluq münasibətləri ömürlərinin sonuna qədər davam edir. 1980-ci ildə uzun illərdən sonra Sürəyya xanım doğma Vətəninə – Azərbaycana gəlir.

Sürəyya Ağaoğlu sonuncu dəfə 1989-cu il dekabrın 29-da İstanbulda “Qadın haqları və müasirləşmə” mövzusunda konfransda iştirak edir. Konfransın keçirildiyi binadan çıxarkən pilləkənlərdən yıxılan Sürəyya xanım beyin qanaması keçirərək həyata gözlərini əbədi olaraq yumur.

Növbəti qəhrəmanımız jurnalist, yazıçı-tədqiqatçı Leyla Vəkillidir. Atası, ictimai-siyasi xadim Həsənalısultan bəy Vəkilov 1887-ci ildə Şərur-Dərələyəz ərazisində yerləşən Çivə kəndində anadan olub və 1920-ci ildə Qafqazda sovet rejiminin qurulmasından sonra Türkiyəyə mühacirət edib.

Fransanın ən qədim və ən məşhur ali təhsil müəssisəsi olan Sorbonne Universitetinin məzunu olan Leyla xanım bütün həyatını müharibənin və çevrilişlərin ortasına düşən yoxsul insanların problemlərini işıqlandırmağa həsr edib. Karyerasını müstəqil jurnalist kimi başlayan bu xanım müsəlman məsələsini araşdırır. Sadəcə jurnalist kimi deyil, kino ssenarist olaraq da fəaliyyət göstərən Leyla Vəkilli dünyanın qaynar nöqtələrini ziyarət edir, yazılar yazır, fotoşəkillər çəkir, hərbi hadisələri sıravi insanların gözü ilə yayımlayır. Dünyada beynəlxalq hərbi jurnalist, ssenarist və rejissor kimi tanınan Leyla Vəkillli Fransada Türk Film Festivalının qurucularından biri olub.

Türkiyənin nüvə fizikası üzrə ixtisaslaşmış alimlərindən biri də azərbaycanlı Dilşad Talıbxan Elbrusdur. Dilşad Talıbxan Elbrus 1916-cı ildə Bakıda anadan olub. Atası Talıbxan bəy çar Rusiyası və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şamaxı, Qubada və başqa şəhərlərdə polis rəisi işləyib. Azərbaycan Sovet Rusiyasının işğalı altına keçdikdən sonra isə Talıbxan bəyin bütün əmlakı müsadirə olunur, özü isə qətlə yetirilir. Bunun ardından beş yaşlı Dilşad xanımın ailəsi Türkiyəyə köçərək İstanbulda yerləşir. 1934-cü ildə İstanbul Universiteti Fənn fakültəsinin fizika-kimya bölümünü bitirən və rus, alman, ingilis dillərini mükəmməl bilən Dilşad xanım Türkiyə, Böyük Britaniya və İsveçrənin bir çox ali təhsil müəssisələrində fəaliyyət göstərib. 1961-ci ildə İzmirdə Egey Universitetinin professoru seçilən Dilşad Talıbxan Elbrus iki kitabın müəllifidir. 1976-cı ildə təqaüdə çıxan Dilşad xanım 1979-cu ildə vəfat edib.

Türkiyənin məşhur azərbaycanlı qadınları siyahısına adını yazdıranlardan biri də Türkiyə sənət tarixçisi, muzeyşünas, professor, Xalça və kilim sahəsində dünya miqyasında tanınmış mütəxəssis Nazan Ölçerdir. O, Azərbaycanəsilli Türkiyə dilçisi, ədəbiyyatşünas, Türkiyənin ilk ləhcə tədqiqatçısı və dil tarixçisi adına sahib Əhməd Cəfəroğlunun qızıdır. 1942-ci ildə İstanbulda doğulan Nazan xanım türk etnoqrafiyası sahəsində dərin biliyə malik olan atasının yanında xalça və kilim biliklərinə yiyələnib. Almaniyanın Münxen Lüdviq-Maksimilian Universitetinin etnologiya, erkən dövr tarixi, Yaxın Şərq tarixi və mədəniyyətləri sahələri üzrə ali təhsilini tamamlayan bu xanım təhsili dövründə Münxen Universiteti etnologiya bölümü kolleksiyalarında muzeyçilik çalışmalarına başlayıb və ali təhsilini bitirdikdən sonra Münxen və Vyana Etnologiya Muzeyləri, habelə Berlin İslam Sənətı Muzeyində təcrübə keçib. Türkiyəyə döndükdən sonra Anadolunun müxtəlif bölgələrində sosial və mədəni dəyişikliyi əhatə edən sahə çalışmaları və araşdırmalar aparıb. 1972-ci ildə Türk və İslam Əsərləri Muzeyində Xalça və Kilim şöbələrinin rəhbəri kimi çalışmağa başlayan bu xanım 1974-cü ildə həmin muzeyin daxilində ayrıca bir bölüm olaraq etnoqrafiya şöbəsini yaradıb və 1978–2003-cü illəri arasında həmin muzeyin müdiri olub. O, 1981-ci ildə bu muzeyin içərisində Türkiyənin yeganə Xalça və Tekstil Restavrasiya Laboratoriyasını qurub. Muzey onun rəhbərliyi dövründə, 1984-cü ildə Avropa Şurasının münsiflər heyəti xüsusi mükafatını alıb, növbəti il isə Avropa Şurası və UNESCO tərəfindən gənc nəsillərə insanlığın ortaq mirasını ən gözəl tərənnüm edən muzey seçilib. 1978–2003-cü illərdə Türk və İslam Əsərləri Muzeyinin müdiri kimi fəaliyyət göstərən Nazan Ölçer 2003-cü ildən etibarən Sakıp Sabancı Muzeyinin müdiri olaraq işləyir.

Hazırda Türkiyədə bir çox azərbaycanlı qadının müxtəlif sahələrdə fəaliyyətini görmək mümkündür. Bu xanımlarımız arasında da səhiyyə, mədəniyyət kimi bir çox sahələrdə ilklərə imza atanlar var.

Bu qadınlarımızın fəaliyyəti mütəmadi olaraq AZƏRTAC tərəfindən geniş işıqlandırılır.

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More