31 il əvvəl şəhid olmuş əsgərin nəşi Naxçıvana gətirilib

Azərbaycan ordusunun 31 il öncə şəhid olmuş hərbi qulluqçusunun nəşi Naxçıvana gətirilib.

“Report”un yerli bürosu xəbər verir ki, 1994-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olmuş, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd sakini Məmmədov Muxtar Bayram oğlunun nəşi işğaldan azad edilmiş ərazilərdə tapılaraq mayın 16-da Naxçıvana gətirilib.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Mərasimdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhid ailələri və media nümayəndələri iştirak ediblər.

Şəhidin üçrəngli Azərbaycan bayrağına bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirilib. Tədbir iştirakçıları şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə yaylım atəşi açılıb, Qurandan ayələr oxunub və şəhidin cənazəsinin önündən keçilib.

Şəhid doğulduğu Sədərək rayonunun Dəmirçi kəndində vida mərasimi keçirildikdən sonra Şərur şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More