Səhiyyə naziri: Tibb işçilərinin imtahanı üçün kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam edir

Hazırda davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası qaydası və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir.

“Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü plenar iclasında Əmək Məcəlləsinin müzakirəsi zamanı deyib.

Nazir xatırladıb ki, nazirlik tibb mütəxəssisləri üçün yeni qanunvericilik təşəbbüsü hazırlayıb:

“Layihəyə əsasən, həkimlər və tibb işçiləri iki seçimdən birini edə biləcəklər: ya 5 il ərzində hər il 50 kredit olmaqla cəmi 250 kredit toplamaqla davamlı peşəkar inkişaf yolunu seçə, ya da dövri olaraq sertifikasiya imtahanında iştirak edə bilərlər”.

T.Musayev bildirib ki, imtahandan keçməyən tibb işçisi üçün 6 ay müddətinə əmək yeri və vəzifə maaşı saxlanılacaq:

“Bu müddətdə həmin şəxs diqqətini tam şəkildə təkrar hazırlığa yönəldə biləcək. Davamlı peşəkar inkişaf kreditləri tibb işçisinin elmi, tədris və ya praktiki fəaliyyəti ilə toplana biləcək. Həmçinin iştirak ediləcək tədbirlər və akkreditasiya olunmuş inkişaf proqramları Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən müəyyən ediləcək və nazirliyin rəsmi internet səhifəsində açıqlanacaq.

Hazırda bu istiqamətdə iki əsas normativ sənədin – “Davamlı peşəkar inkişaf tədbirlərinin akkreditasiyası Qaydası” və kredit ekvivalentləri ilə bağlı tələblərin layihələri üzərində işlər davam etdirilir”.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More