Qərbi Azərbaycan Xronikası: Gecəyarı bacımla atamın qəbri üstündən torpaq götürdük

“Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

“Report” xəbər verir ki, “Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım” adlı veriliş Loru mahalı, Allahverdi rayonu Böyük Ayrım kənd sakini Güllü Qocayevanın həyat hekayəsinə həsr olunub.

O, 1976-cı ildə doğulduğunu, uşaqlıq və məktəb illərinin xoş keçdiyini xatırladıb: “Uşaqlıqda yayda Ləlvər dağına köçər, müxtəlif oyunlar oynayar, meşəyə gedər, meyvə toplayar, səhənglə bulaqdan su gətirərdik. Məktəbdə oxuyanda İrəvana olimpiadaya gedirdik. Babamın dörd kəndin arasında Daşkəsən adlı binəsi vardı. O cığırların hamısı gözümün önündədir”.

Onun sözlərinə görə, 1988-ci ilin sentyabrında kəndin bütün uşaqları, qadınları Gürcüstanın Sadaxlı kəndinə yerləşdirilib: “Biz 15 gündən sonra kəndimizə döndük. İnsanlar təşviş, qorxu içində idi. Noyabrın 28-də gecəyarı xəbər gəldi ki, kəndi boşaltmalısınız. Kəndə yaxın sanatoriyaya Sumqayıtdan gəlmiş ermənilər yerləşdirilmişdi. Onlar kəndə ziyan vurmaq istəyirdilər. Əşyaları yavaş-yavaş yığışdıranda nənəm anama dedi ki, oğlumun üstündən torpaq götürmədik. Qəbiristanlıq evimizdən 100 metr aralı idi. Məndən bir yaş kiçik bacımla heç kimə demədən atamın qəbrinin üstündən torpaq götürdük. Qohumlar elə bilmişdilər ki, bizi ermənilər aparıblar.

Torpağı gətirib nənəmə verəndə sevincindən qabağımızda diş çökdü. Beləliklə, gecəyarısı hamı kənddən çıxdı. Meşədən gedib Axtala kəndindən keçərək Gürcüstanın Sadaxlı kəndinə düşməli idik. Xeyli uzun yol idi. Hamı elini, obasını, ocağını qoyub köç edirdi. Yolda ermənilər dayanmışdı, camaatı yoxlayırdılar. Hamı ağlaya-ağlaya gedirdi.

Gecə saat 3-də göz-gözü görməyən duman gəldi. Mənim 12 yaşım vardı, yolumu azdım. Səhərə yaxın bir kəndə gəlib çıxdım. Bir qoca kişi dedi ki, bura Mollaoğlu kəndidir. Ordan da məni Sadaxlı kəndinə apardılar. Orada nənəm qurbanlıq kəsdi. Sonra biz Bakıda məskunlaşdıq”.

Ürəyi kəndləri ilə döyündüyünü deyən G.Qocayeva doğma yurda qayıtmaq ümidini itirmədiyini söyləyib: “Atamın oradakı qəbrini ziyarət etmək istəyirəm. Vətənimə, uşaqlıq həsrəti yaşadığım kəndimə, babamın, el-obamın yurduna mütləq dönəcəyik”.

Qeyd edək ki, “Qərbi Azərbaycan Xronikası” layihəsinin məqsədi Qərbi Azərbaycanın tarixi mirasını tanıtmaq, deportasiya faktlarını, silinmiş toponimləri və maddi-mədəni irsi üzə çıxarmaq, eləcə də Qayıdış Konsepsiyasının mahiyyətini və tarixçilərin, deportasiya olunmuş şəxslərin fikirlərini ictimaiyyətə çatdırmaqdır.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More