Portuqaliyada keçirilən növbədənkənar parlament seçkilərində bülletenlərin 96,76 %-i hesablandıqdan sonra baş nazir səlahiyyətlərini icra edən Luiş Monteneqrunun rəhbərlik etdiyi sağ mərkəzçi Demokratik Alyans koalisiyası liderlik etdiyi məlum olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, koalisiya 33,02 % səs toplayıb. İfrat sağçı siyasi qüvvə “Bəsdir!” və Sosialist Partiyası təxminən bərabərləşir, vaxtaşırı bir-birindən geri qalır. Beləliklə, 2024-cü ildən hakimiyyətdə olan “Demokratik Alyans” parlamentdəki mövqeyini yaxşılaşdıra bilər. İlkin hesablamalara görə, sosialistlər mövqelərini pisləşdiriblər, ifrat sağçılar isə əksinə, nəzərəçarpacaq dərəcədə irəliləyiblər.
Portuqaliya Konstitusiyasına görə, Baş nazirin təyin edilməsi Respublika Prezidentinin səlahiyyətindədir. Seçkilərdən sonra dövlət başçısı parlamentə daxil olan partiyalarla məsləhətləşmələr aparmalıdır.
Adətən qalib gələn siyasi qüvvənin lideri baş nazir təyin olunur.
Portuqaliyada növbədənkənar parlament seçkiləri başa çatıb.
“Report”un xəbərinə görə, ölkə seçiciləri birpalatalı parlamentin 230 deputatını seçiblər.
Səsvermə əvvəlcə 2028-ci ilə təyin edilmişdi. Bununla belə, mart ayında Portuqaliya Prezidenti Marselu Rebelu di Souza parlamenti buraxmaq və növbədənkənar seçkilər keçirmək qərarını açıqlamışdı. Dövlət başçısı bunu martın 11-də Respublika Məclisi siyasi böhran şəraitində hökumətə etimadın rədd edilməsinə səs verdikdən sonra bəyan edib.
Seçkiöncəsi sorğular baş nazir səlahiyyətlərini icra edən Luiş Monteneqrunun rəhbərlik etdiyi sağ mərkəzçi “Demokratik Alyans”ın qalib gələcəyini proqnozlaşdırırdı. Siyahıda sonra Sosialist Partiyası və ifrat sağçı siyasi qüvvə “Bəsdir!”nin adı yer alıb.
Səsvermənin ilkin nəticələrinin bu axşam açıqlanacağı gözlənilir.
Portuqaliyada bazar günü 2022-ci ildən bəri üçüncü olan növbədənkənar parlament seçkiləri keçirilir.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Səsvermə yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayıb və 20:00-da (23:00) başa çatacaq, bundan sonra ekzitpolun nəticələri dərc olunacaq. Nəticələrin gecəyarısına qədər (bazar ertəsi günü, Bakı vaxtı ilə saat 03:00) əldə olunması gözlənilir.
İctimai rəy sorğuları göstərir ki, Portuqaliyada yenidən azlıq hökuməti formalaşa bilər. Belə ki, Sosial-Demokrat Partiyası və Demokratik və sosial mərkəz – Xalq Partiyası alyansı populyarlıq baxımından müxalifətdəki Sosialist Partiyasını bir qədər üstələyir, lakin onun 230 yerlik birpalatalı parlamentdə (Portuqaliya Respublikasının Assambleyasında) lazımi 116 yeri təmin etmək imkanı çətin ki olsun.
AP qeyd edir ki, Sosial-Demokrat Partiyası və Sosialist Partiyası 50 il ərzində Portuqaliya siyasi həyatında dominantlıq edib, lakin idarəetmədəki uğursuzluqlar seçiciləri müxtəlif alternativlərə diqqət yetirməyə məcbur edib. Korrupsiya qalmaqalları ultrasağçı “Chega” (“Bəsdir!”) Partiyasının mövqelərini gücləndirməyə imkan verib. O, miqrasiya siyasətinin sərtləşdirilməsi tələbləri sayəsində əhəmiyyətli uğur qazanıb. 2024-cü ildəki əvvəlki seçkilərdə partiya 50 yer qazanaraq üçüncü yeri tutub.
Hazırkı seçkilərə parlamentin ötən mart ayında Baş nazir Luiş Monteneqrunun (Sosial-Demokrat Partiyasının lideri) hökumətinə qarşı çıxardığı etimadsızlıq votumu səbəb olub. Səsvermə baş nazirin maraqlar münaqişəsində ittiham olunması səbəbindən təşkil edilib. Monteneqru ittihamları inkar edib, lakin istefa verib; indi o, yenidən seçilməyə hazırlaşır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.