Böyük Britaniyanın “Diplomat” jurnalında səfir Elin Süleymanovun Azərbaycanın Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş məqaləsi dərc olunub.
Səfirlikdən “Report”a verilən məlumata görə, məqalədə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin o dövrün mütərəqqi dəyərlərinə – suverenlik, dünyəvilik və demokratik idarəetmə prinsiplərinə əsasən qurulmasına, ölkəmizdə Qərb dövlətlərinin bir çoxundan daha əvvəl qadınlara səsvermə hüququnun verilməsinə diqqət çəkilib.
1920-ci ildə Sovet işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini itirməsi, daha sonra 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolu barədə məlumat verilib, ölkəmizin regional və beynəlxalq sülhə, təhlükəsizliyə, mədəniyyətlərarası dialoqa, çoxtərəfli əməkdaşlığa, enerji təhlükəsizliyinə verdiyi töhfələr sadalanıb.
Məqalədə 2019–2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində, eləcə də 2024-cü ildə ölkəmizin ev sahibliyi etdiyi COP29 zamanı əldə olunmuş nailiyyətlər qeyd olunub. Beynəlxalq səviyyədə tanınan əraziləri üzərində tam suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi barədə məlumat verilib.
Azərbaycanın diplomatik əlaqələrində Böyük Britaniyanın xüsusi əhəmiyyətə malik strateji tərəfdaş və etibarlı dost ölkə olduğu vurğulanıb. Ötən il ikitərəfli münasibətlər baxımından əlamətdar il olduğu qeyd olunub, bu xüsusda Prezident İlham Əliyevin iyul ayında keçirilən Avropa Siyasi Birliyinin 4-cü Sammitində iştirak etmək üçün Britaniyaya səfəri, Birləşmiş Krallığın Baş Naziri Keir Starmerin noyabr ayında COP29-un Liderlər Sammitində iştirak etmək məqsədilə Azərbaycana səfər etməsi qeyd edilib. Bu səfərin Böyük Britaniya Baş nazirinin vəzifədə ikən Azərbaycana ilk səfəri kimi tarixə düşdüyü vurğulanıb.
Bu ilin 30 aprel tarixində Londonda Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyasının yeddinci iclası keçirildiyi, Böyük Britaniyanın Azərbaycana ən çox sərmayə yatıran – indiyədək 37 milyard ABŞ dolları – ölkə olduğu bildirilib. İkitərəfli münasibətlərdə bu müsbət dinamikanın davam etməsinin və önümüzdəki aylarda qarşılıqlı səfərlərin, siyasi-iqtisadi əlaqələrin daha da inkişaf etməsinin gözlənildiyi vurğulanıb.
Məqaləni bu linkdən oxuya bilərsiz:
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.