AFFA Hakimlər Komitəsinin sədri: “Premyer Liqanın 2024/2025 mövsümünün idarəçiliyindən məmnun qaldım”

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının 2024/2025 mövsümündə hakimlərin idarəçiliyini dəyərləndirib.

“Report” xəbər verir ki, o, qurumun mətbuat xidmətinə müsahibə verib.

Belçikalı mütəxəssis cari mövsümdə hakimlərin idarəçiliyindən məmnun qaldığını söyləyib:

“Geridə qalan mövsümdə hakimlərin idarəçiliyindən məmnun qaldım və gələcəyə pozitiv hisslərlə baxıram. Onların mövsümün əvvəlindən sonuna qədər inkişaf etdiklərini gördüm. Meydanda şəxsiyyətə malik hakimlər var idi, oyunçulara və məşqçilərə qarşı yaxşı, insani davranış nümayiş etdirdilər. Meydandakı iştirakçılara hörmətlə yanaşdılar. Məşqçinin reaksiyasına görə “ucuz” sarı vərəqələr verilməsini istəmirəm. Yalnız aşkar etiraz və jestlər üçün sarı vərəqənin göstərilməsinin tərəfdarıyam. Hakimlər bunu bütün mövsüm ərzində hörmətlə qorudular”.

O, bəzi qərarlar haqqında müzakirələr aparıldığını bildirib:

“Təbii ki, qərarlar ətrafında müzakirələr aparılır. Çünki hər vəziyyət ağ və ya qara deyil, bəzən ikisinin ortasında olur. Bəzən qarşısını ala biləcəyimiz səhvlər etdik. Amma ümumilikdə hakimlər və VAR bu mövsüm Premyer Liqada keçirilən 180 oyunda yaxşı təsir bağışladılar. Düzgün qərarlar qəbul etdikdə etibarlılıq və inam yüksək olur. Futbol dəqiq elm deyil, ona görə də futbola sevgi bəsləyən hər kəs tərəfindən dəstəklənməliyik. Qaydalar hər zaman izah oluna bilər. Hakimlərin müdaxilə xəttini yüksək təyin etdik, “ucuz” penaltilər istəmədik, kiçik kontaktlar üçün VAR müdaxilələri olmaz. UEFA-nın təlimatlarına əməl etdik. Deməliyəm ki, hakimlər mövsüm ərzində bu təlimatlara hörmətlə yanaşdılar. Eyni zamanda VAR-ın məntiqli və aydın qərarlar qəbul etməsini istəyirəm. Hər kəsin başa düşəcəyi qərarlar olmalıdır. Buna görə də hakim mütləq meydanda öz qərarlarını verməlidir. UEFA və FIFA da bunu istəyir. Hakim meydanda məsuliyyəti öz üzərinə götürməlidir. Bunun üzərində hər həftə işlədik. İnanın ki, Premyer Liqa bizim hakimlər üçün asan yarış deyil. Matçı uğurla başa çatdırmaq istəyirsənsə, daim diqqətli olmalısan”.

Qurum rəsmisinin fikrincə, hakimlər irəliləyişə nail olublar: 

“Hər bir hakimin mövsüm ərzində irəlilədiyini gördüm. Oyunsonrası fərdi rəy aldıqları həftəlik texniki sessiyalar üzərində ciddi işlədik. Bazar ertəsi və ya çərşənbə axşamı keçirilən texniki sessiyalarda bütün vəziyyətləri müzakirə etdik. Bunu çox ciddi və peşəkar şəkildə edirik. Bu, hakimləri daha da inkişaf etdirmək və onlara güvən vermək yoludur. Hazırkı hakimlər qrupuna inamım böyükdür. Onlar hər gün öyrənməyə açıqdırlar. Bu yanaşma ilə gələcəyə ümidlə baxa bilərik. Böyük irəliləyiş əldə etdik. Azərbaycan tarixində ilk dəfə UEFA I kateqoriyada iki hakimimiz var – Əliyar Ağayev və Elçin Məsiyev. Elçin Məsiyev I kateqoriyaya ötən ilin dekabrında yüksəldi, iyunda Slovakiyada keçiriləcək U-21-lər arasında Avropa çempionatının final mərhələsinə təyinat aldı. Bu, UEFA-nın ən böyük ikinci turniridir. Məsiyev iki köməkçisi (Elşad Abdullayev və Pərvin Talıbov) ilə birlikdə bacarığını göstərəcək. Üçüncü FIFA referimiz Kamal Umudlu hazırda Albaniyada davam edən U-17-lər arasında Avropa çempionatında hakimlik edir. O, qrup mərhələsində Albaniya – Almaniya matçını idarə etdi. Bunlar Kamal Umudluya UEFA-nın müsbət siqnallarıdır. Ən təcrübəli FIFA hakimimiz Əliyar Ağayev isə UEFA tərəfindən Çempionlar Liqasının iki oyununa təyin olundu. İyunda da dünya çempionatının seçmə mərhələ matçında hakimlik edəcək”.
 
De Blekere FIFA hakimlərimizin sayının artması barədə sualı cavablandırıb:

“Azərbaycan beynəlxalq arenada tanınır. 4 beynəlxalq hakimimizin olmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm. Tural Qurbanov UEFA-nın CORE layihəsinə daxil edilib. FIFA referisi olmayan gənc və perspektivli hakimlər bu layihə çərçivəsində şəxsi məşqçidən təcrübə qazanmaq imkanı əldə edirlər. Yan xətt hakimi Asiman Əzizli də UEFA CORE layihəsində iştirak edir. UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers fevralda Azərbaycana gəldi. O, hakimlərimiz üçün seminar keçdi, beynəlxalq futbol və hakimlik mövzusunda mühazirə verdi, həmçinin mətbuata öz fikirlərini bildirdi. Bu əlaqələr hakimlərimiz üçün çox vacibdir. AFFA hakimliyi ilə yeni yol tutmuşuq. UEFA-nın beynəlxalq futbol qaydalarına əməl edirik. Yalnız bu şəkildə böyük futbol ölkələri ilə əlaqə qura bilərik. Doğru yoldayıq”.

O, hakimlərə dəstək göstərməyin vacibliyini qabardıb:

“Matçlarda ardıcıl olmalıyıq. Ardıcıl qərarlar hər məşqçinin hakimdən tələb etdiyi əsas məsələdir. Lakin hər vəziyyət fərqlidir, ona görə də bunu izləmək çətindir. Biz bu sahədə inkişaf edə bilər və daha yaxşısını bacararıq. Bundan başqa, bəzi anlarda oyunu daha yaxşı hiss edə bilərik. Bu, həmçinin klubların və məşqçilərin istəyidir. Mən bunu anlayıram. Ancaq hamı bilməlidir ki, bunun üzərində hər gün işləyirik. Eynən məşqçinin hər gün komandasını hazırladığı kimi. Bu səbəbdən hakimlərə dəstək olmaq lazımdır”.
 
Mütəxəssis növbəti mövsümdən bəzi gənc hakimlərin Misli Premyer Liqasında oyunlara təyinat alacağını da açıqlayıb:

“Elit kateqoriyada olan hakimlər 2025/2026 mövsümündə Premyer Liqada təyinat alacaqlar. Bu siyahıya bəzi gənc hakimlərin də daxil edilməsi planlaşdırılır”.
 
Komitə sədri hakimlərin mayın 31-də “Qarabağ” və “Sabah” arasında baş tutacaq Azərbaycan Kubokunun final matçına hazırlığını da dəyərləndirib:

“Qarşıda çox vacib oyun var. Hakimlər bu qarşılaşmanın hazırlığını matçdan bir gün əvvəl edəcəklər. Onlar tam peşəkar şəkildə hazırlaşacaqlar ki, yaxşı çıxış etsinlər. Hər zaman deyirəm ki, hakim görünməz olanda, deməli, oyunu yaxşı idarə edib. Kubokun finalı üçün də hakimlərimizə eyni şeyi arzu edirəm. Ardından isə istirahət etmək və yeni mövsümə güc toplamaq lazım gələcək. Avqustda başlayacaq yeni yarışa hazırıq”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More