Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində ədəbi-bədii təqdimat keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində bir neçə nəşrin təqdimat mərasimi baş tutub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbir Mirvarid Dilbazi Poeziya Məclisinin təşkilatçılığı ilə keçirilib.

Təqdim olunan kitablar sırasında Vaqif Osmanlının “Ulu Öndərin canlı əsəri”, Tərlan Musayevanın Ümummilli Liderə həsr etdiyi “Ulu Öndərə mənəvi borcum” və Güllü Eldar Tomarlının tərtib etdiyi “Babamın papağı, nənəmin kəlağayısı” kitabları yer alıb. Bu nəşrlər Azərbaycanın görkəmli şəxsiyyətlərinin irsini, milli-mənəvi dəyərlərini yaşatma və təbliğ məqsədi daşıyır.

Tədbirdə Gürcüstanda yaşayan soydaşlarımız, məktəblilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mirvarid Dilbazi Poeziya Məclisinin rəhbəri çıxışında bu cür tədbirlərin gənc nəsildə milli kimlik və tarixə bağlılıq hissini gücləndirdiyini qeyd edib.

Azərbaycan Milli Kəlağayı Evinin direktoru, tədqiqatçı Güllü Eldar Tomarlı, “Ulu Öndərə mənəvi borcum” kitabının müəllifi Tərlan Musayeva və digər çıxış edənlər bu cür təşəbbüslərin Heydər Əliyev irsinin, milli-mənəvi dəyərlərin təbliğində xüsusi əhəmiyyət daşıdığını bildiriblər.

Tədbir çərçivəsində Azərbaycanın milli-mədəni irsinin rəmzlərindən sayılan kəlağayıların sərgisi də təşkil olunub. Sərgi iştirakçılarda böyük maraq doğurub və milli ruhun yaşadılması baxımından xüsusi təəssürat yaradıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More