Zelenski Rumıniyanın yeni lideri ilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski və yeni seçilmiş Rumıniya Prezidenti Nikuşor Dan Avropada sülh naminə beynəlxalq diplomatik arenada əməkdaşlıq istiqamətlərini, xüsusilə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi zərurətini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna lideri öz teleqram kanalında yazıb.

“Ukraynada və bütün Avropada sülhə nail olmaq üçün diplomatik işi, İstanbul görüşünü, Moskvanın hərbi istehsalını artırmaq və müharibəni davam etdirmək imkanlarını əngəlləmək üçün Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi zərurətini müzakirə etdik. Haaqada keçiriləcək NATO sammitinə xüsusi diqqət yetirdik”, – Zelenski bildirib.

Ukraynanın yeni lideri Dana “Ukraynanın Rumıniyadan yardımın davam etməsinə, Avropa İttifaqı və NATO-ya üzvlüyün dəstəklənməsinə güvənə biləcəyi barədə təminatlarına və prezidentin Odessada keçiriləcək Ukrayna – Cənub – Şərqi Avropa sammitində şəxsi iştirakının təsdiqlənməsinə görə” təşəkkür edib.

Qeyd olunub ki, Zelenski Danı İstanbul görüşü barədə məlumatlandırıb. O, təəssüf ki, görüşün nəticəsinin sülhə yaxınlaşdıracaq addımlar olmadığını, lakin əsirlərin mübadiləsi və ölənlərin meyitlərinin qaytarılması barədə razılaşmanın əldə edildiyini və bunun Ukrayna üçün çox vacib olduğunu vurğulayıb.

“O həmçinin Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə zamanı əldə etdiyi texnoloji təcrübə barədə danışıb və müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyi təklif edib. Prezident əlavə edib ki, Ukrayna iqtisadiyyat, infrastruktur və yenidənqurma sahəsində yeni layihələrə açıqdır”, – dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

Zelenski Danla söhbətində vurğulayıb ki, Ukrayna Haaqada layiqincə təmsil olunmalıdır, buna görə də bu məsələdə hər bir səs və hər bir ölkənin dəstəyi vacibdir.

Öz növbəsində, Dan bu görüşün nəticələrinə dair X sosial şəbəkəsində yazıb: “Ukrayna xalqı azadlıq və demokratiya kimi ortaq dəyərlərimizi müdafiə edərək böyük cəsarət nümayiş etdirməyə davam edir. Ədalətli və davamlı sülhə yalnız güc vasitəsilə nail olmaq mümkündür. Rumıniya Ukraynanı dəstəkləməyə davam edəcək və xalqlarımızın rifahı naminə ikitərəfli əlaqələrimizi daha da dərinləşdirəcək”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vilnüsdə səfərdədir və Buxarest doqquzluğu və Şimal ölkələrinin sammitində iştirak edir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More