Boqotada başından güllələnən kolumbiyalı senator və prezidentliyə potensial namizəd Migel Uribe Turbayın vəziyyəti ilə bağlı son məlumatlar açıqlanıb.
“Report”un yerli “Blu Radio”ya istinadən verdiyi məlumata görə, siyasətçi əvvəlcə Medicentro klinikasına aparılıb, həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Daha sonra xəstənin “ixtisaslı həkim briqadası tərəfindən xüsusi yardım göstərmək üçün” başqa tibb müəssisəsinə köçürülməsi qərara alınıb.
“Rəsmi tibbi hesabat dərc edilməsə də, siyasi liderə yaxın mənbələr onun şüurlu olduğunu və daimi müşahidə altında saxlanıldığını bildiriblər”, – Blu Radio yazır.
Kolumbiya polis direktoru Karlos Fernando Triana azyaşlının şübhəli şəxs qismində saxlanıldığını, ayağından yaralandığını və hazırda həkimlərin nəzarəti altında müalicəsinin davam etdiyini bildirib. Hadisə nəticəsində bir kişi və bir qadın olmaqla iki nəfər də yaralanıb, cinayət silahı hadisə yerindən aşkar edilərək götürülüb.
Bundan əlavə, hakimiyyət sui-qəsd cəhdinin bütün iştirakçılarının kimliyini müəyyən etməyə kömək edəcək istənilən məlumata görə 3 milyard peso (təxminən 730 min ABŞ dolları – red.) məbləğində pul mükafatı elan edib.
Kolumbiyada, Boqotanın qərbində keçirilən seçki tədbiri zamanı 2026-cı il seçkilərində Demokratik Mərkəz partiyasından prezidentliyə namizəd olan senator Migel Uribe Turbay silahlı hücuma məruz qalıb.
“Report” xəbər verir ki, bu barədə Blu Radio məlumat yayıb.
Məqalədə deyilir ki, senator tədbirdə çıxış edərkən iki silahlı şəxs onu arxadan güllələyib. Bundan sonra gələnlər və yerli sakinlər arasında təşviş yaranıb.
Qeyd edilib ki, altı güllədən ikisi siyasətçinin başına dəyib. Turbay ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.